AnalitikaGündəmSiyasət

Müsahibə təkcə siyasi mesajlarla deyil, həm də səmimi dostluqla zəngindir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş xalq arasında münasibətlərin möhkəm təməllərini və bu əlaqələrin dinamik inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi. Müsahibə təkcə siyasi mesajlarla deyil, həm də səmimi dostluq və qarşılıqlı hörmət ruhu ilə zəngindir. Prezidentin fikirləri Azərbaycan–Özbəkistan əməkdaşlığının hazırkı səviyyəsinin həm tarixi köklərə əsaslandığını, həm də müasir geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət daşıdığını göstərir.

Prezident İlham Əliyevin müsahibə boyu vurğuladığı əsas mesajlardan biri Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin “qardaşlıqdan da yüksək bir səviyyə”yə yüksəlməsi oldu. Bu münasibətlərin təməlində ortaq tarix, mənəvi-mədəni bağlar, dil yaxınlığı və xüsusilə də prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq dayanır.

Bu gün iki ölkə arasındakı əlaqələr təkcə siyasi səviyyədə deyil, bütün istiqamətlərdə iqtisadiyyat, nəqliyyat, enerji, müdafiə sənayesi, mədəniyyət və humanitar sahələrdə sürətlə genişlənir. Prezident Əliyevin sözlərinə görə, münasibətlər artıq “müttəfiqlik səviyyəsinə” çatıb və bu dinamikanı gələcəkdə daha da dərinləşdirmək üçün ciddi siyasi iradə mövcuddur.

Müsahibənin ən önəmli hissələrindən biri Prezident Əliyevin Mərkəzi Asiya regionu ilə bağlı dediyi strateji fikirlərdir. O vurğuladı ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası regionda yeni əməkdaşlıq platforması yaradıb və bu format həm siyasi, həm iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın bu proseslərdə fəal iştirakı isə Xəzər dənizinin əslində iki region arasında körpü rolunu oynadığını göstərir. Bu yanaşma Azərbaycanın Orta Dəhliz – Şərq-Qərb nəqliyyat xəttində “mərkəzi tranzit gücü” olmasını daha da möhkəmləndirir. İlham Əliyev açıq şəkildə bildirib ki, Azərbaycan bütün nəqliyyat və logistika imkanlarını Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin istifadə etməsinə tam şəkildə açıqdır.

Prezident müsahibədə Zəngəzur dəhlizini də xüsusi vurğuladı. Onun fikrincə, bu dəhlizin açılması təkcə Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan üçün yeni iqtisadi fürsətlər yaradacaq. Sürətli, təhlükəsiz və qısa yol olan bu marşrut region ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdıracaq və ticarəti əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, müsahibədə xüsusilə Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan Mirzo Ulubek adına orta məktəb prezident tərəfindən xüsusi minnətdarlıqla qeyd edildi. Bu təhsil ocağı yalnız bir məktəb deyil, Azərbaycan xalqına göstərilən qardaşlıq jestinin rəmzidir. Bu layihə Qarabağın bərpasına verilən səmimi dəstək kimi qiymətləndirilir.

Müsahibədə vurğulanan mühüm məqamlardan biri də idman sahəsində əməkdaşlıqdır. 2027-ci ildə FIFA U-20 Dünya Çempionatının final mərhələsinin Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi iki ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da yüksəldəcək.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi daimi dəstəyi yüksək qiymətləndirib. Bu dəstək təkcə dostluq münasibəti deyil, həm də regional təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Həm Azərbaycan, həm Özbəkistan Türk Dövlətləri Təşkilatı, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq təşəbbüslərlə çıxış edir.

İlham Əliyevin müsahibəsi həm diplomatik baxımdan, həm də strateji müttəfiqlik kontekstində olduqca əhəmiyyətlidir. Prezidentin ifadə etdiyi fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı yalnız ötən illərin nəticəsi deyil, həm də gələcək illərə hesablanmış böyük bir vizyonun tərkib hissəsidir.

İki ölkə arasında qurulan körpülər siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və humanitar sahələrdə regionda sabitlik, inkişaf və əməkdaşlıq üçün mühüm baza yaradır. Bu münasibətlər artıq regional miqyasdan çıxaraq beynəlxalq əməkdaşlıq modelinə çevrilməkdədir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button