AnalitikaGündəmSiyasət

Münaqişəyə son

Bildiyimiz kimi, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat qəbul olunmuşdur. Bəyanata əsasən müharibə bitməli, münaqişəyə son qoyulmalı, mövcud status-kvonu dəyişməli idi. Üçtərəfli sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri də əhatə edirdi.

Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar bunlardır: Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması, Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması, Azərbaycan tərəfindən sülh müqaviləsi üçün vacib olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması idi. Bundan əlavə, Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması, 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və digər məsələlər aiddir.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Haqq-ədalət bərpa olundu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı və gec-tez öz amalına qovuşdu. Müharibə əsnasında, həmçinin yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənildi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada indi də öyrənilir.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi. 44 günlük müharibə göstərdi ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bununla da, həmrəylik və birlik anlayışı sübuta yetirildi. Xalq öz liderinin ətrafında sıx birləşdi, Ali Baş Komandanına arxalandı, ondan güc aldı və istədiyinə nail oldu. Gec-tez ədalət öz yerini tapdı.

Abdullazadə Türkanə,
Xəzər rayonu
, 183 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button