Xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlərin olduğu zamanda təzyiqlərə, çətinliklərə baxmayaraq, ölkəmizi düçar olduğu ağır sınaqlardan çıxararaq, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəldən dünya səviyyəli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”, – deyirdi Ulu Öndər Heydər Əliyev.
Hakimiyyətinin birinci dövründə Azərbaycanı geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı və digər istiqamətlərdə olan hadisələr qısa bir zamanda ölkəmizin adına böyük uğurları həkk etdi. Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi sistem çərçivəsində – 1969-1982 və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etməsi misilsiz xidmətləri ilə tariximizdə Ulu Öndər olaraq adını əbədiləşdirdi. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə hərc-mərcliyin hökm sürdüyü bir dövrdə Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz əbədi və sarsılmaz xarakter aldı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək, doğma xalqının köməyinə gəlməsi Milli Qurtuluş günü kimi tariximizdə əbədiləşdi. Bugünki uğurlarımız da məhz Qurtuluşdan başlanmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı və uğurların təməlini qoydu. Əlbəttə ki, bu gün böyük fəxarətlə söz açdığımız uğurların yolu çətin yoldan başlanıb. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. Dövlət müstəqilliyini qoruyaraq, ictimai-siyasi böhranı aradan qaldırdı. Müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində xalqımızın milli maraqlarına uyğun inkişaf strategiyasının müəllifinə çevrildi. Böyük dövlət xadimi, tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, fədakarlığı sayəsində müstəqil dövlətimizin təməli möhkəmləndi. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycana, azərbaycançılığa, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, ölkəmizin inkişafında müstəsna xidməti olmuş Dahi Rəhbərdir. “Ömrümün qalan hissəsini xalqıma bağışlayıram”, – deyə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaratdı, müstəqil dövlət quruculuğu prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həllinə nail oldu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ciddi xarici təzyiqlərlə üzləşməsinə və mürəkkəb geosiyasi reallıqlar əhatəsində yaşamasına baxmayaraq, Azərbaycan milli dövlətçilik ənənələrinin inkişafına nail oldu.
Ümummilli Liderin banisi olduğu neft strategiyası əsasında həyata keçirilən nəhəng beynəlxalq enerji layihələri ölkəmizə uğurlar gətirdi. 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açdı. “Əsrin müqaviləsi”nin imzalanması, inflyasiyanın azaldılması, maliyyə sisteminin sağlamlaşdırılması, yeni iqtisadi münasibətlərə keçid, torpaq islahatı, qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində reallığa çevrildi. “Əsrin Müqaviləsi”nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatına səbəb olan amillərdəndir. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu.
1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən milli dövlətçilik siyasəti və iqtisadi inkişaf strategiyası ölkəmizi daha uğurlu gələcəyə aparır. Azərbaycan öz qüdrəti və sürətli inkişafı sayəsində bütün dünyada tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 21 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Həyata keçirilən güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq torpaqlarımız işğaldan azad olundu. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız bu gün yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Ümummilli Liderin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycan inkişaf tempinə görə, dünyanın lider dövlətləri sırasındadır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində yeri və rolu əvəzsizdir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri