Analitika

Müdrik alim, qayğıkeş ana

O, insan kimi ətrafdakılara nümunə idi. O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, nursuz gözlərə işıq paylayan, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytaran idi. O, Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı idi. Aprelin 28-də o böyük insanın, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü tamam oldu. Bu hadisə ölkəmizdə geniş qeyd edilir, onun əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir. Zərifə Əliyevanın ömür yolu zəngin elmi fəaliyyət, qazanılan  uğurlarla zəngindir.  Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad abı-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. 23-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olub. Orta təhsilini başa vurduqdan sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib. Həkim olmaq arzusu onu Moskva şəhərinə aparıb və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edib. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirib. Zərifə Əliyevanın adı bu gün də Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir. Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu yaxınlardan tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmışdır. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur. Zərifə xanım eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button