Siyasət

Müdafiə Nazirliyinin rəhbər heyəti Quru Qoşunlarının hərbi hissələrində olub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri N nömrəli hərbi hissədə olublar.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.

General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyəsi, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.

Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.

Gündüz və gecə vaxtı keçirilən məşqlərdə dağ şəraitində taktiki və atəş hazırlığı, dağ yolları, aşırım və yüksəkliklərdən keçmək bacarığı, həmçinin digər bölmələrlə uyarlıq məsələləri öyrənilir.

Qoşunların dağ hazırlığı tapşırıqlarında döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin dağlıq ərazilərdəki təbii maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə, ştat silahından, o cümlədən dronlardan səmərəli istifadə edilməsinə, həmçinin gündüz və gecə vaxtı istənilən hava şəraitində döyüşün aparılması bacarığına xüsusi diqqət yetirilir.

Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Oxşar Xəbərlər

Back to top button