AnalitikaGündəmSiyasət

Mingəçevirin Enerji Zəfəri: Azərbaycanın İşıqlı Gələcəyə Yol Xəritəsi

Azərbaycanın müasir tarixində energetika sektoru milli təhlükəsizlik, iqtisadi inkişaf və geosiyasi mövqenin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin iyun ayında Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası isə bu sahədə atılan ən mühüm addımlardan biri kimi yadda qalacaq. Bu stansiyanın açılışı təkcə texniki göstəricilər və enerji generasiya gücü ilə deyil, həm də daşıdığı siyasi və tarixi rəmzlərlə ölkəmizin enerji tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

Mingəçevirin energetika mərkəzi kimi yüksəlişi ötən əsrin 70-ci illərinə təsadüf edir. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyuldu. Bu layihə o dövrün texnoloji imkanlarına görə olduqca iddialı və strateji əhəmiyyət daşıyan bir qərar idi. Stansiyanın ilk enerji bloku 1981-ci ildə istismara verildi.  Stansiyanın birinci bloku istismara veriləndə Mingəçevir artıq Cənubi Qafqazın ən vacib enerji mərkəzlərindən birinə çevrilmişdi. 1980-ci illərin sonlarına qədər stansiyanın digər blokları da mərhələli şəkildə işə salındı.

Həmin dövrün iqtisadi və texnoloji çətinliklərinə baxmayaraq, Mingəçevirdə yaradılmış energetika bazası sonrakı illərdə Azərbaycanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri oldu. Bu təməl, müstəqillik illərində də ölkəmizin enerji sahəsindəki çətinliklərinin qismən aradan qaldırılmasında mühüm rol oynadı.

Azərbaycan müstəqilliyinin ilk illərində enerji sahəsində dərin böhranla üzləşdi. SSRİ-nin dağılmasından sonra ölkə həm texniki avadanlıqlara, həm də yanacaq ehtiyatlarına çıxış imkanlarını itirdi. 1990-cı illərin əvvəllərində ölkədə gündəlik elektrik enerjisi tələbatını ödəmək mümkün olmurdu. Əhalinin çox hissəsi günün uzun saatları ərzində işıqsız qalırdı. Statistik məlumatlara görə, həmin dövrdə Azərbaycanın enerji istehsalı gündəlik 30-40 milyon kilovat-saat səviyyəsində idi ki, bu da ölkənin ehtiyaclarının yalnız bir hissəsini təmin edirdi. O illəri yaşayan orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar: gecə saatlarında televiziya verilişləri yarımçıq dayandırılır, şəhər və kəndlər qaranlığa qərq olurdu.

Bu çətinliklər həm sosial, həm də iqtisadi sahədə böyük problemlərə səbəb olurdu. Sənaye müəssisələri fəaliyyətini dayandırır, istehsal gücləri azalırdı. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası isə o illərdə xalqın əsas ümid yeri idi.

2000-ci illərin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda enerji sahəsində köklü islahatlar aparıldı. Ölkənin enerji təhlükəsizliyi məsələsi dövlət prioritetinə çevrildi. Azərbaycanın müxtəlif bölgələrində – Şirvan, Sumqayıt, Quba və başqa şəhərlərdə yeni elektrik stansiyaları tikildi. 2007-ci ildə istismara verilən “Sumqayıt Elektrik Stansiyası”, 2013-cü ildə açılan “Şimal-2” Elektrik Stansiyası bu sahədə əsas layihələrdən oldu.

Mingəçevirdə də köhnə infrastrukturun yenilənməsi prosesi başladı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurulmasına start verildi. 2020-ci ildə yenilənmiş stansiya fəaliyyətə başladı və generasiya gücü 1800 meqavata çatdırıldı. Bu proses Mingəçevirdə formalaşmış təcrübəli kadr bazasının və yerli energetiklərin peşəkarlığının bir daha təsdiqi oldu.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın indiyə qədər ən iri enerji layihələrindən biri oldu. 1880 meqavat generasiya gücünə malik bu stansiyanın tikintisi cəmi iki il ərzində başa çatdırıldı ki, bu, dünya miqyasında nadir hadisədir. Müqayisə üçün qeyd edək ki, Avropada oxşar gücə malik stansiyaların tikintisi orta hesabla 4-5 il çəkir.

Stansiyanın inşasında son texnologiyalar tətbiq olunub. Burada yüksək məhsuldarlığa malik qaz turbinaları və kombinə dövranlı sistemlər qurulub. Bu, həm yanacaq sərfiyyatının azalmasına, həm də ətraf mühitə təsirin minimuma endirilməsinə xidmət edir. Stansiyada istifadə olunan texnologiyalar sayəsində şərti yanacaq sərfiyyatı əvvəlki analoji stansiyalarla müqayisədə 20-25% daha azdır.

Məhz belə bir zəngin tarixə və güclü baza infrastruktura malik şəhərdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın energetika tarixinə yeni bir səhifə əlavə etdi. 1880 meqavat gücə malik bu stansiya qısa müddət ərzində – cəmi iki ilə – inşa olunaraq istifadəyə verildi. Bu isə beynəlxalq miqyasda nadir hal hesab olunur. Sovet dövründə 300 meqavatlıq bir blokun tikintisi yeddi il çəkirdisə, Azərbaycan iki ildə təxminən 2000 meqavat güc əldə etdi.

Bu nailiyyətin arxasında bir neçə əsas amil dayanır: Azərbaycanda formalaşmış texniki biliklər, peşəkar energetika mütəxəssislərinin təcrübəsi, dövlət dəstəyi və əlbəttə ki, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakı Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə etibarlı tərəfdaş kimi nüfuzunun bir daha təsdiqidir.

Bu layihənin reallaşmasında İtaliya və Çin şirkətlərinin iştirakı xüsusilə diqqətçəkicidir. İtaliyanın “Ansaldo Energia” və Çinin “Harbin Electric” şirkətləri ilə əməkdaşlıq sayəsində Azərbaycan ən müasir enerji istehsal texnologiyalarına çıxış əldə etdi.

Azərbaycan ilə İtaliya arasında artıq iki strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. İtaliya hazırda Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin isə Azərbaycanın bərpaolunan enerji sahəsində ən fəal tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda bir neçə Günəş və külək enerjisi layihələri məhz Çin şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Beləliklə, 2030-cu ilə qədər ölkənin ümumi generasiya gücünə əlavə 6500 meqavat “yaşıl enerji” əlavə edəcək.

Yeni stansiyanın işə düşməsi Azərbaycanın enerji ixrac imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda Azərbaycan qaz ixrac coğrafiyasını genişləndirib. Ölkəmiz 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsidir. Avropa İttifaqı Azərbaycanı rəsmi olaraq etibarlı enerji tərəfdaşı və Pan-Avropa qaz təchizatçısı adlandırıb.

Bundan əlavə, Azərbaycanın elektrik enerjisi ixracı da artmaqdadır. Artıq Gürcüstan və Türkiyə ilə elektrik enerjisi mübadiləsi həyata keçirilir. Gələcəkdə isə Qara dənizin dibi ilə çəkiləcək xüsusi kabel vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi planlaşdırılır.

Enerji sahəsində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, Azərbaycanın enerji infrastrukturunun strateji əhəmiyyətinin düşmən tərəfindən də nə qədər yaxşı başa düşüldüyünü göstərdi. Bu hücumlar, həmçinin Azərbaycanın enerji təhlükəsizlik sistemlərinin gücünü və dayanıqlığını bir daha təsdiq etdi.

Müharibədən sonra Azərbaycan enerji sahəsindəki mövqelərini daha da gücləndirdi və artıq regionun enerji tranziti və təchizatı sahəsində əsas oyunçularından birinə çevrildi.

“8 Noyabr” adının seçilməsi isə tarixi və mənəvi baxımdan mühüm rəmzi məna daşıyır. Bu tarix Azərbaycan xalqının Qarabağ Zəfərinin simvoludur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu ad Azərbaycanın gücünü, birliyini və qələbə əzmini təcəssüm etdirir.

Bu stansiyanın fəaliyyəti sayəsində ölkənin daxili enerji təminatı daha dayanıqlı olacaq, ixrac imkanları genişlənəcək və Azərbaycanın iqtisadi gəlirləri artacaq. Bununla yanaşı, ekoloji baxımdan daha təmiz texnologiyaların tətbiqi gələcək nəsillər üçün sağlam və davamlı inkişafın təməlini qoyur.

Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sahəsindəki uğurlarının, planlı siyasətinin və strateji düşüncəsinin parlaq nümunəsidir. Bu layihə bir daha göstərdi ki, Azərbaycan təkcə öz enerji təhlükəsizliyini deyil, həm də regionun və Avropanın enerji sabitliyini təmin etmək gücünə malikdir.

Bu stansiyanın fəaliyyəti sayəsində ölkənin daxili enerji təminatı daha dayanıqlı olacaq, ixrac imkanları genişlənəcək və Azərbaycanın iqtisadi gəlirləri artacaq. Bununla yanaşı, ekoloji baxımdan daha təmiz texnologiyaların tətbiqi gələcək nəsillər üçün sağlam və davamlı inkişafın təməlini qoyur.

Azərbaycan xalqı üçün “8 Noyabr” təkcə qələbə tarixi deyil, həm də mübarizə və müqavimət simvoludur.  İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Mingəçevirə atılan raketlər Azərbaycanın enerji infrastrukturuna qarşı yönəlmiş birbaşa təhdid idi. Düşmənin məqsədi ölkənin enerji sistemini iflic etmək, əhalini işıqsız və istisiz qoymaq, iqtisadi və sosial həyatı iflasa uğratmaq idi. Lakin Mingəçevirə atılan o raketlər xalqımızın iradəsini sarsıda bilmədi, əksinə, Azərbaycan bu hücumlara dözərək daha da gücləndi.

Məhz buna görə də “8 Noyabr” adı Mingəçevirdə istifadəyə verilən bu stansiyada əbədiləşdirildi. O gün Azərbaycanın hərbi sahədəki Zəfəri olduğu kimi, bu stansiya da iqtisadi və enerji sahəsindəki zəfərimizin rəmzi oldu. Mingəçevirdə düşmən raketlərinə sinə gərən xalq indi oradan minlərlə meqavat gücündə işıq və enerji yayaraq, həm ölkəyə, həm də bölgəyə sülh, sabitlik və inkişaf mesajı göndərir.

Enerji zəfəri, tarixi zəfərlə birləşərək Azərbaycanın gələcəyinə işıq saçır. Bu işıq isə yalnız Mingəçevirdən deyil, Azərbaycanın hər bir guşəsindən dünyaya yayılmaqdadır.

Xanım Əliyeva
Xəzər rayonu 334 nömrəli tam orta məktəbin İngilis dili müəllimi

Oxşar Xəbərlər

Back to top button