
İyunun 24-də ölkəmizin enerji sektorunda əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu. Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda bu sahədə böyük potensiala malik olması ilə dünyanın diqqətindədir.
Prezident İlham Əliyev tədbirdə çıxış edib.
– Əziz dostlar, hörmətli qonaqlar, əziz mingəçevirlilər.
Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də – düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.
Mən xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.
Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.
Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu, İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən mərmilər, raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.
Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malik olduqları bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.
Musayeva Dilarə
Xəzər rayonu Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin tarix müəllimi