AnalitikaGündəm

Milli varlığımız – ANA DİLİ ŞƏRH

Zəngin tarixi köklərə malik Azərbaycan dili – ana dilimiz xalqımızın varlığını, kimliyini sübut edən amilllərdəndir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onu tanıdan, təbii ki, ana dilidir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dil hər bir millətin varlığını ifadə edən, maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Milli şüurun və milli kimliyimizin formalaşmasında rolu olan dilimiz zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır. Yaşadığımız illərə nəzər salsaq görərik ki, hər zaman humanist, sülhsevər, mehriban və xeyirxah xalq  olan, tolerantlığın ünvanına çevrilən, sülhün qorunmasına töhfələr verən Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində mücadilələrlə dolu illər yaşamış və sözsüz ki, bu proseslər dilə təsirini göstərmişdir. Tariximiz, keçmişimiz, bu günümüz və gələcəyimiz olan, xalqımızın varlığının rəmzinə çevrilən Azərbaycan dili cağdaş dünyamıza qədər çox ziddiyyətli yollar keçsə də, amma öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Hələ sovet dövründə yaşadığımız illərdə – ötən əsrin 70-ci illərində dövlət dilinin qorunması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev bütün ziyalıları, vətəndaşlarımızı səfərbər edərək, ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi.

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar cətinliklə olsa da, nəticəsini verməyə başladı. Ana dilinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, – deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə çox cəsarətlə və qətiyyətlə prinsipial mövqedən çıxış edirdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusunu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Həmin illərdə Azərbaycan dilinin tarixi ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabı işıq üzü gördü.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış vəziyyət, özbaşınalıq hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”, – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir. Qısa bir zamanda dil sahəsində islahatlar həyata kecirildi.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqilliyimizin bərpasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpası zərurəti yarandı. Bu müvafiq qanunun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım idi. Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir. Ulu Öndər gənclərə tövsiyə edərək deyirdi: “Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərir. Dövət başçısının yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Bu gün Azərbaycan dili hərtərəfli inkişaf edir və sevindirici haldır ki, dünyanın ən mötəbər tribunalarından eşidilir. Ana dilimiz Azərbaycan dilidir və bu dili vətənini, xalqını sevən hər bir azərbaycanlı bilməlidir.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,
“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button