AnalitikaGündəmSiyasət

Milli qurtuluşdan strateji inkişafadək: Heydər Əliyevin dövlətçilik irsi

Ulu Öndər Heydər Əliyev, Azərbaycanın müasir tarixində dərin iz qoymuş, ölkənin inkişafında və dövlətçiliyinin formalaşmasında müstəsna rol oynamış böyük siyasi xadimdir. Onun həyat yolu, fəaliyyəti və strateji baxışı həm milli, həm də beynəlxalq səviyyədə qəbul olunmuş siyasi fenomenə çevrilməsinə səbəb olmuşdur.

Heydər Əliyev XX əsrin mürəkkəb və təlatümlü dövrlərində Azərbaycana rəhbərlik etmiş, xalqın taleyüklü anlarında qətiyyətli qərarları ilə ölkəni xaosdan xilas edərək sabitliyə və tərəqqiyə doğru istiqamətləndirmişdir. O, ilk dəfə 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə seçildikdən sonra qısa müddətdə respublikada ciddi dəyişikliklərə imza atdı. Sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində irəliləyişlər əldə olundu. O dövrdə Azərbaycan SSR ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrildi.

Heydər Əliyevin siyasi fenomen olaraq qəbul olunmasının əsas səbəblərindən biri də onun milli şüurun formalaşmasına və inkişafına verdiyi töhfədir. Sovet rejiminin sərt ideoloji çərçivələrinə baxmayaraq, o, azərbaycançılıq ideyasını yaşatmağa və yaymağa nail olmuşdu. Moskvada SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışdığı illərdə belə, o, daim Azərbaycan xalqının maraqlarını müdafiə etmiş, Azərbaycanın Sovet İttifaqındakı mövqeyini möhkəmləndirmişdir.

1990-cı illərin əvvəllərində ölkənin siyasi, iqtisadi və sosial böhran içində olduğu, müstəqilliyin itirilmək təhlükəsi ilə üzləşdiyi bir zamanda xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, milli qurtuluş missiyasını yerinə yetirmişdir. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərqərar oldu, vətəndaş müharibəsinin qarşısı alındı, ordu quruculuğu və dövlət strukturlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan neft strategiyası müəyyənləşdi və ölkə beynəlxalq enerji bazarında mühüm oyunçuya çevrildi.

Heydər Əliyev fenomeni yalnız idarəçilik bacarığı ilə deyil, həm də uzaqgörənliyi, prinsipiallığı, xalqla bağlılığı və dövlətə sədaqəti ilə ölçülür. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gün də Azərbaycanın daxili və xarici siyasətinin əsas sütununu təşkil edir.

Bu gün Heydər Əliyevin ideyaları və siyasi kursu onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və iqtisadi inkişafı, məhz onun əsası qoyulmuş strategiyanın məntiqi nəticəsidir.

Heydər Əliyev təkcə bir siyasi lider deyil, həm də millətin yaddaşına həkk olunmuş unudulmaz şəxsiyyət, xalqın tarixində parlaq iz qoymuş əbədi fenomen kimi qalacaqdır.

YAP Xəzər rayon təşkilatının mühasibi
Afaq Mustafayeva

Oxşar Xəbərlər

Back to top button