Milli həmrəyliyin qorunmasına xidmət edən fəaliyyət
Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.
Nə üçün növbədənkənar prezident seçkiləri?
Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.
Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.
Prezident seçkiləri hər bir xalqın, dövlətin həyatında olduqca mühüm tarixi, siyasi-hüquqi hadisədir. Xalq öz prezidentini seçməklə həm də növbəti dövr üçün öz iqtisadi-sosial gücünün təminatçısını, beynəlxalq siyasətdə dövlətin maraqlarını qoruyan şəxsi, sözün əsl mənasında öz liderini seçir. 5 il bundan əvvəl, 2018-ci il aprelin 11-də baş tutan prezident seçkilərində iştirak edən xalqımız bu məsuliyyəti olduqca gözəl dərk edirdi. Həmin gün xalqımız şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə 86.02 faiz səs çoxluğu ilə cənab Əliyev İlham Heydər oğlunu növbəti dəfə Azərbaycanın prezidenti seçmişdir.
2018-ci il seçkiləri zamanı seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, həm də xalqın bütün dağıdıcı ünsürlərə, xain qüvvələrə yox deməyinin təzahürü idi.Müasir politologiya elmində, xüsusilə son zamanlarda belə bir fikir güclənməyə başlamışdır ki, liderlərin şəxsi keyfiyyətləri onların siyasi mövqeyi, partiya mənsubiyyəti, seçdiyi siyasi kurs qədər vacibdir, hətta şəxsi keyfiyyət amili daha da əhəmiyyətlidir. Çünki müasir dövrdə sabit olmayan, sürətlə və ya anidən dəyişən ictimai-siyasi hadisələr fonunda məhz liderin bu dəyişikliklərə necə cavab verməsi dövlətin sonrakı taleyini həll edə bilər.
Əlbəttə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillər çox idi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz güclənmiş, onun qüdrəti və iqtisadiyyatı daha da artmışdır. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdi, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur. Bundan əvvəlki prezidentliyi dövründə cənab Prezident tərəfindən daim Azərbaycan xalqının milli maraqlarını düşünərək atılan addımlar, Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” ideologiyası zatən Azərbaycan xalqının İlham Əliyevə dərin sevgisini qazandırmışdır. 44 günlük Vətən Müharibəsi dövründə onun əsl sərkərdə, lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşması, “Mən xalqımdan heç nəyi gizlətmirəm”, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajları verərək xalqda ruh yüksəkliyi, özünə güvən formalaşdırması, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə, lakin kəskin və cəsarətli cavablar verməsi, sonda “Dəmir yumruq”la düşməni məhv etməsi, onu kapitulyasiya aktı imzalmağa məcbur etməsi və nəticədə əldə olunan Qarabağ Zəfəri Azərbaycanda xalq-prezident birliyini ən yüksək zirvəyə çıxarmışdır.
Musayeva Dilarə,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi