Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara ǝl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin,qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020- ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
30 il ərzində işğal altında qalmış torpaqlarımızdan qaçqın və məcburi köçkün bir milyondan çox azərbaycanlı öz yurd-yuvalarına həsrət qalmışdı. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir. İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 322 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.Yeni müharibəyə təhrik edən erməni təxribatları 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azad olunmuş ərazilər: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, 4 Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması–bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm…o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”.
Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi. Milli həmrəyliyi Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında 8 Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Bütün bunlarla yanaşı, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar da hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdilər. 44 gün ərzində onların da ürəyi bizimlə bir döyünürdü.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyatdiversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi və Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Baxşiyeva Rəhilə,
Xəzər rayonu, 149 №li tam orta məktəbin direktoru