AnalitikaGündəm

Milli dövlətçilik və azərbaycançılıq tribunasıdır

Azərbaycan xalqının çoxəsrlik inkişafında müstəsna dərəcədə böyük əhəmiyyətə malik olan XIX əsrdə maarifçilik hərəkatı dalğasının işığında meydana çıxmış milli məktəb, teatr və mətbuat ölkəmizin yeni bir oyanış və tərəqqi mərhələsinə daxil olmasına meydan açmışdır. Dünyəvi xarakterli milli məktəblər xalqın savadlanmasına, teatr milli-mənəvi özünüdərkə güclü təkan vermişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi məşhur “Əkinçi” qəzeti ilə yalnız anadilli milli mətbuatın əsası qoyulmamış, həm də maarifçilik ideyalarının geniş xalq kütlələrinə çatdırılması həyata keçirilmişdir. Milli mətbuat, xüsusən “Əkinçi” qəzeti milli oyanış və tərəqqi yollarında qətiyyətlə addımlayaraq ümummilli inkişafa böyük töhfələr vermiş, yollar açmışdır. Cəmiyyətin inkişafı baxımından “teatr böyüklər üçün məktəb”, “məktəb cəhalət dərdinin dərmanı” funksiyalarını həyata keçirmişdir. Milli mətbuat isə məktəbdə və teatrda gedən prosesləri təbliğ etməklə bərabər, həm də mövcud cəmiyyətin əsas xitabət kürsüsü və “danışan dili” olmaqla maarifçilik hərəkatının əsas hərəkətverici qüvvəsi rolunu oynamışdır. Bu gün 100 yaşı tamam olan, bir əsrlik şərəfli yol keçmiş “Azərbaycan” qəzeti XIX əsrdə və XX əsrin əvvəllərində ölkəmizdə yaranıb inkişaf etmiş zəngin milli mətbuat ənənələri zəminində meydana çıxmış və özünə qədərki mətbuatda səsləndirilən müstəqil dövlətçilik ideyalarının həyata keçirilməsi yollarının əsas tribunası kimi şərəfli bir missiyanı gerçəkləşdirmişdir. Azərbaycan mətbuatının buzqıran gəmisi kimi meydana çıxmış “Əkinçi” qəzetinin açdığı yol “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” kimi mətbuat orqanlarının fəaliyyəti ilə genişlənmiş və möhkəmləndirilmişdir. Məhəmməd ağa Şahtaxtlının XX əsrin əvvəllərində nəşr etdirdiyi “Şərqi-Rus” qəzeti milli-mətbu sözün imkanlarını və üfüqlərini ümumrusiya müsəlmanları miqyasına çıxarmışdır. Bu mənada “Şərqi-Rus” Azərbaycanın “Tərcüman”ı kimi qiymətləndirilməlidir. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı Azərbaycan demokratik mətbuatının bayraqdarı, mollanəsrəddinçiləri isə azərbaycançılıq və müstəqil dövlətçilik idealı uğrunda dönmədən mübarizə aparan mətbuat ordusu idilər. Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalı mətbuatda romantik cəbhəni formalaşdıran məktəb vəzifəsini yerinə yetirmişdir. Məhəmməd Əmin Rəsulzadənin “Açıq söz” qəzeti Azərbaycanda müstəqil dövlət qurulması ərəfəsinin azadlıq və cümhuriyyətçilk ideyalarını xalqa çatdıran açıq mətbuat tribunası idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması cəmiyyətdə, milli mətbuatda və ədəbiyyatda azərbaycançılıq və müstəqil dövlətçilik uğrunda aparılmış mübarizələrin, millət davasının, cümhuriyyətçilik ideallarının məntiqi yekunu və təsdiqi demək idi. Türk-müsəlman dünyasında ilk müstəqil və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanının “Azərbaycan” adlandırılması təkcə bir qəzetin deyil, bütövlükdə müstəqillik qazanmış dövlətin azərbaycançılığın baş qərargahı statusu əldə etməsinin rəmzi ifadəsidir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button