AnalitikaGündəmSosial

Mətbuatın 150 illik zirvəsi!

Söz azaddır, amma azad söz doğulmur onu xalqın ruhu doğur, zaman yetişdirir, zəhmət cilalayır. Bizim sözümüz də bir gün “Əkinçi” nin sətirlərindən boy verdi. Həsən bəy Zərdabinin qələmindən axıb gələn o ilk cümlələr bir millətin oyanışına təkan verdi. Və bu gün  Azərbaycan milli mətbuatının 150 illiyində həmin cümlələr Şuşanın dağlarında əks-səda verir.

150 il… Kağız üzərində bir rəqəm kimi görünə bilər. Amma bu 150 ilin hər günü, hər ayı bir xalqın öz səsini tapmaq uğrunda apardığı mübarizənin tarixidir. Bu tarix Əkinçi qəzetinin ilk səhifəsindən başlayıb Qarabağın azad səmasında dalğalanan kameralara qədər uzanır. Bu tarix sözün, həqiqətin, xalqın yanında duran qələmlərin tarixidir.

2022-ci ildə işğaldan azad olunmuş Şuşada Azərbaycan jurnalistləri ilk dəfə öz peşə bayramlarını Qarabağda təkcə dağların yox, həm də azadlığın, vətən uğrunda can verənlərin məkanında qeyd etdilər. Bu, tarixə yazılan adi bir tədbir deyildi. Bu qələbənin, haqqın, ədalətin və sözün bir araya gəldiyi məqam idi.

Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetilə doğuldu. Amma bu doğuluş sadəcə qəzetin işıq üzü görməsi deyildi. Bu, bir xalqın sükutdan çıxıb danışmağa başlaması idi. “Əkinçi” sadəcə maarifçi ideyaların daşıyıcısı deyildi, o, xalqın ruhunu, dərdini, ümidini kağıza köçürən ilk söz idi.

O gündən bu günə senzuradan keçənlər də oldu, cəbhədən yazanlar da, qaranlıq rejimlərdə həbsə atılan lakin sükut etməyən jurnalistlər də. Mətbuatımız azadlıq istəyən millətin aynası oldu. Mühacirətdə çıxan “İstiqlal”, “Yeni Qafqaz” kimi qəzetlərdən tutmuş, 20 Yanvar şəhidlərinin qanıyla yazılmış manşetlərə qədər hər sətrimiz bir dirəniş idi.

Uzun illər idi ki, Qarabağda sükut vardı. Təkcə güllələr susmurdu, söz də danışa bilmirdi. İşğal dövründə jurnalistlər yalnız uzaqdan yazır, Qarabağın dərdini kənardan səsləndirirdilər, ancaq söz öz yurduna dönmək istəyirdi və döndü.

2020-ci ildə şanlı Zəfərimizlə bu torpaqlara yenidən söz, səda, həyat gəldi. Bu gün jurnalistlər Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda reportaj hazırlayır. Təkcə düşmənin dağıtdığı evləri yox, qəlbləri dirildən ümidləri, yenidən doğulan şəhərləri lentə alırlar.

Qarabağda indi yalnız mina təmizlənmir, informasiya meydanı da təmizlənir yalanlardan, təhriflərdən, susdurulmuş həqiqətlərdən və bu missiyanı yenə də mətbuat daşıyır.

Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Azərbaycan jurnalistikası zəngin ənənələri ilə həm də müasir çağırışlara cavab verən bir gücə çevrilib. Yeni media texnologiyaları, süni intellekt, sosial şəbəkələr informasiya savaşında yeni meydanlar açıb. Amma bu savaşda bizi qoruyacaq tək silah doğrudan, haqqdan, xalqdan doğan sözdür.”

Ona görə də, mətbuatımızın bu günə gəlib çatması təkcə keçmişə hörmət deyil, gələcəyə vəfa borcudur. Çünki sözə sahib çıxmayan millət sükuta məhkumdur.

Bu gün Şuşada deyilən hər kəlmə Xankəndidə qurulacaq xəbər otaqlarının, Laçında yazılacaq köşələrin, Füzulidə çəkiləcək sənədli filmlərin ilk sətri ola bilər və bu sətrlər Azərbaycanda azad sözün, vicdanlı jurnalistikanın 150 illik ruhunu daşıyacaq.

Unutmayaq ki, söz azadlığı torpaq azadlığı ilə başlar və torpağını azad edən millətin sözü də ucalıqda olar.

Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasının üçüncü kurs tələbəsi
Əlizadə Nigar.

Oxşar Xəbərlər

Back to top button