
Metallurgiya yalnız metal istehsal edən ayrıca sənaye sahəsi deyil. Bu sektor tikinti, maşınqayırma, energetika, nəqliyyat və digər sahələrlə sıx əlaqədədir. Buna görə 2027–2030-cu illər ərzində metallurgiya istehsalının genişləndirilməsi Azərbaycanın sənaye strukturunda daha geniş iqtisadi əlaqələrin yaranmasına şərait yarada bilər.
Yeni metallurgiya müəssisələrinin fəaliyyətə başlaması avadanlıq, xammal, nəqliyyat və texniki xidmətlərə tələbat yaradacaq. Bu isə yerli şirkətlərin həmin istehsal zəncirinə qoşulmasına imkan verə bilər. Eyni zamanda, metallurgiya məhsullarından istifadə edən digər müəssisələr üçün yerli xammal bazasının genişlənməsi mümkündür.
Alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi də bu baxımdan diqqət çəkir. İstehsal güclərinin artırılması həm daxili bazarın tələbatının ödənilməsi, həm də gələcək ixrac imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər yarada bilər.
Metallurgiyanın inkişafı sənayenin şaxələndirilməsinə də xidmət edir. Dağ-mədən sektorunda hasil edilən xammalın metallurgiya müəssisələrində emal edilməsi istehsal zəncirinin daha geniş hissəsinin ölkə daxilində formalaşmasına imkan verir. Bu model əlavə dəyərin artırılması ilə yanaşı, yeni texnologiyaların və peşəkar kadrların sənayeyə cəlb edilməsini də stimullaşdıra bilər.
Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı


