AnalitikaGündəmSiyasət

“Mərkəzi Asiya+Azərbaycan” formatı vahid geoiqtisadi və geosiyasi məkanı formalaşdırır

“Mərkəzi Asiya+Azərbaycan” formatı son illər regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın formalaşmasına xidmət edən ən dinamik əməkdaşlıq mexanizmlərindən biri kimi görünür. Bu format həm regional sabitlik, həm də böyük geosiyasi layihələr baxımından bir sıra strateji perspektivlər vəd edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirak edib. İlk görüş 2023-cü ildə Düşənbədə, ikincisi 2024-cü ildə Astanada keçirilib və 2025-ci ildəki isə Daşkənddə baş tutub: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, həm də xalqların strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və Azərbaycan Prezidenti İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub”.

“Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan+Mərkəzi Asiya dövlətlərin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin də açılması bütün Mərkəzi Asiya ölkələrinə əlavə fayda gətirəcək: “Beləliklə də, “Mərkəzi Asiya+Azərbaycan” formatı nəqliyyat və logistika üzrə yeni strateji xəritə – Orta Dəhlizin güclənməsini təmin edəcək, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın vahid platformada çıxış etməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq. Həmçinin, Xəzərin logistik qovşağının genişlənməsi ilə Bakı, Aktau və Türkmənbaşı limanlarının koordinasiyalı fəaliyyəti regionu Avrasiya ticarət xəritəsində əsas mərkəzə çevirəcək. Enerji əməkdaşlığında yeni imkanlar formalaşacaq ki, burada Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında “yaşıl enerji” – külək, günəş və hidrogen sahələrində sinerji yaranacaq. Xəzərdən Avropaya uzanan yaşıl enerji ixracının koordinasiyası, neft-qaz sektorunda sinxron siyasət, enerji resurslarının Avropa bazarına çıxarılmasında birgə layihələr və tranzit razılaşmalar daha da güclənəcək. Bununla yanaşı, regional təhlükəsizlik və sabitlik üçün yeni dialoq platforması formalaşacaq. Yəni, Əfqanıstan, terrorizm, sərhəd təhlükəsizliyi, su resurslarının idarə edilməsi kimi məsələlərdə ortaq mövqe formalaşdırılacaq, “Mərkəzi Asiya + Azərbaycan” formatı region ölkələrinə Rusiya, Çin, ABŞ, Avropa İttifaqı kimi mərkəzlərlə münasibətləri daha balanslı qurmağa imkan verəcək. Bütün bunlarla yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, vahid ticarət standartları və birgə sərgilər iqtisadi dövriyyəni artıracaq, Azərbaycan bölgə üçün Qafqaz və Türkiyə bazarlarına çıxış qapısı rolunu gücləndirəcək”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Bakı bu format çərçivəsində həm Xəzər regionundan Qərbə, həm də Mərkəzi Asiyaya açılan diplomatik, logistika və enerji qovşağı kimi mövqeyini gücləndirir, regiondakı proseslərdə Azərbaycanın vasitəçi və inteqrator rolu daha da möhkəmlənir: “Bir sözlə, “Mərkəzi Asiya + Azərbaycan” formatı strateji nəqliyyat xəritəsinin yenilənməsinə, enerji körpüsünün genişlənməsinə, regional təhlükəsizliyin gücləndirilməsinə, ticarət və iqtisadi inteqrasiyaya, Türk dünyasının daha da gücləndirilməsinə əlavə imkanlar yaradacaq”.

Oxşar Xəbərlər

Back to top button