Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünyada nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artmaqdadır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir.
İlk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq mövcud olduğunu bildirərək deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır.
Sevindirici haldır ki, ölkə rəhbərinin nitqində vurğuladığı istiqamətlər üzrə rəqəmlər davamlı artımın göstəricisidir. Məsələn, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. İnvestisiya qoyuluşuna gəldikdə isə deyə bilərik ki, bu sahə daim diqqətdə saxlanılıb, birgə sərmayə fondları yaradılıb, qarşıdakı 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri də icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır.
2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra müvafiq qanun qəbul edilməsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. Cari il iyunun 9-da isə adıçəkilən iqtisadi zonanın birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə dövlətimizin başçısının iştirakı isə Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönələn siyasətinin real təməli kimi dəyərləndirilib.
Natiqə Əliyeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 №li tam orta məktəbin müəllimi