Analitika

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!

Öz sözləri ilə yanaşı, atdığı addımlarda vətəninə, mənsub olduğu xalqa olan sevgisi ilə bu kəlamını dəfələrlə təsdiqləyən, zamanın ən böyük azərbaycanlısı – Heydər Əliyev. Bütün ömrünü Müstəqil Azərbaycanın təməl daşlarından birinə çevrilmiş Azərbaycançılıq məfkurəsinin formalaşması, qorunub saxlanılması, dünyanın harasında olmasından asılı olmayaraq bu məfkurə ətrafında toplanmış bir xalqın yaranmasına həsr etmişdi dahi lider. O bilirdi ki, bu ideologiya xalqın bütövlüyünü, bölünməzliyini, sarsılmaz gücünü təmin edəcək.

Hər bir xalqın taleyində, onun tarixində iz qoymuş böyük şəxsiyyətlərinin rolu vardır. Biz ötən əsrə diqqət yetirsək görərik ki, bu şəxsiyyətlərin sırasında Heydər Əliyev özünəməxsus addımları ilə seçilir. Hələ Sovetlər dönəmindən öz fəaliyyətində Azərbaycançılıq məfkurəsinə mühüm əhəmiyyət verən dahi şəxsiyyət bu addımları ilə gələcəkdə yaradılacaq Müstəqil Azərbaycanın təməllərini işləyib hazırlayır. Marksizm-Leninizm ideologiyalarının aparıcı mövqe tutduğu zamanlarda Azərbaycan dilinin Azərbaycan SSR-in rəsmi dili elan olunması barədə maddənin yeni qəbul olunmuş konstitusiyaya əlavə edilməsi, mübarizliyi və qorxmazlığı ilə tanınan Azərbaycan türklərinin hərbi bacarığının unutdurulması siyasətinin həyata keçirildiyi bir dövrdə azərbaycanlı hərbi kadrların formalaşdırılması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması əvəzolunmaz addımlar hesab olunur. Bu dövrdə təkcə təhsil sahəsində aparılmış dövlət siyasətindən görə bilərik ki, 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bunun nəticəsi kimi ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil almışdır. Ulu Öndər savadlı, dünyagörüşlü Azərbaycan gəncliyi formalaşdırmağa çalışırdı ki, gələcəkdə öz müqəddəratını həll etmək iqtidarında olan Azərbaycan xalqı yaransın. Dahi siyasətçi hər zaman bir xalqın taleyinin gənclərinin əlində olduğunu söyləmiş və öz fəaliyyətində gənclərlə işə xüsusi önəm vermişdir.

Ulu Öndərin Azərbaycançılıq ideologiyası hər şeydən öncə, ilk növbədə, özünü dərk etmək ilə bağlıdır. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, onlarla yanaşı, harada yaşamasından və mənsub olduğu vətəndaşlıqdan asılı olmayaraq, bütün dünyada yaşayan azərbaycanlıların və qeyri-azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Milli mənsubiyyət və dinindən asılı olmayaraq, Azərbaycana bağlı olan və onun nüfuzunu uca tutan hər kəs Azərbaycançılıq ideologiyasının daşıyıcısına çevrilir.

Azərbaycançılıq – etnik mənşəyindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideyadır.

Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”. Bütün bu dəyərləri özündə cəmləyən, yaşadan, unutdurmayan şəxs milli məfkurənin yaşadanı hesab olunur.

SSRİ-nin dağılmasından sonra çoxmillətli Azərbaycanda Azərbaycançılıq ideologiyası yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz ideologiyaya çevrilmişdir. “Azərbaycançılıq” anlayışının yaranmasında əsas amal ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Bununla yanaşı müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyi düzgün inkişaf etdirilməsində də bu ideologiya əsas vasitəyə çevrildi.

1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla sınanırdı. Belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və onu böyük siyasət meydanına- ölkəyə rəhbərlik etmək üçün paytaxta dəvət etdi. Və Ulu Öndərin Respublika rəhbərliyinə bu qayıdışı yenicə yaranmış dövlətimizin parlaq gələcəyinin başlanğıcını qoydu.

Keçən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən qarşıdurmanın nəticəsi olaraq, 20% torpağının işğalını heç zaman qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik həll olunması, ərazilərimizin azad olunaraq məcburi köçkün halına salınmış soydaşlarımızın öz torpaqlarına geri qayıtmasını tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsidir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan xalqının necə vahid bir gücə çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi sayəsində dövlət – xalq- ordu birliyini təmin edərək “Dəmir yumruğ”a çevrilib, 30 ildən çoxdur ki, davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına nail ola bildik.

Babayeva Ləman,
Xəzər rayonu, 136 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button