Bəli, Mehriban qonşuluq deyəndə ağılımıza ilk gələn ölkələrdən biri Gürcüstandı. Azərbaycanın şimali-qərbində yerləşən bu ölkə ilə bizi qədim tarix birləşdirir. Tarixin bir çox səhifələrində eyni yükü daşımış, eyni dərdlərə şərik olmuş, eyni taleyi bölüşmüşük. Gürcüstan vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ölkə olaraq tariximizdə iz qoymuşdur. Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya müəllimlər Seminariyası Azərbaycana Nəriman Nərimanov, Məmməd ağa Vəkilov, Cəlil Məmmədquluzadə kimi ziyalılar bəxş etmişdir. Bundan əlavə Azərbaycanlıların əzəldən yaşadığı Gürcüstan sərhədlərində ( Borçalı, Kaxeti, Tiflis) bugün də rahat yaşaması, ana dilində təhsil ala bilməsi də xalqlarımızın mehribançılığından, dostluğundan xəbər verir. Hal-hazırda isə Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək ölkəmiz Gürcüstana 3,3 milyard dollar investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Enerji sektoru əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Hazırda dost ölkədə SOCAR brendi ilə çoxsaylı yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan şirkəti Gürcüstanın “mavi yanacaq” təchizatı şəbəkəsində böyük paya sahibdir.
17 yanvar 2025-ci il tarixində Gürcüstan baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşdə Prezidentimiz Gürcüstanla olan, mehriban qonşuluğumuzdan, iqtisadi əlaqələrimizin genişliyindən ətraflı danışıb: “ İki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.”
İrakli də öz növbəsində Azərbaycan prezidentinə “Siz bizim üçün nümunəsiniz, siz regionda fərqli bir lidersiniz, ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” deyərək ölkəmizdə olmağından məmnunluğunu bildirmişdir.
İrakli Kobaxidze iqtisadi əlaqələrə diqqət çəkərək qeyd etmişdir: “Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır. Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.”
Asiya ilə Avropanı birləşdirən ölkələr olaraq, Azərbaycanla Gürcüstanın tərəfdaşlığı böyük əhəmiyyət kəsb edir. Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ilk rəsmi görüşünüdə məhz ölkəmizə səfər etməsi, regionda yüksək nüfuza sahib olmağımızın – Azərbaycan Prezidentinin düzgün siyasətinin nəticəsidir. Bu özünü COP 29 kimi konfransa ev sahibliyi etməyimizdə, Yaşıl enerji ilə bağlı görülən işlərdə, “ Böyük qayıdış” proqramına uyğun quruculuq işlərində və ən əsası qalib ölkə kimi dünyada sözümüzü açıq, qətiyyətli deyə bilməyimizdə özünü göstərir.
Səmayə Nəcəfova,
322 N-li tam orta məktəbin müəllimi