GündəmMədəniyyət

Mehriban Əliyeva ailə üzvləri ilə Pantomim Teatrında

Oktyabrın 31-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.

Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.

Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.

Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.

Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.

Oxşar Xəbərlər

Back to top button