Analitika

Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi

Azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı , leytenant Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür.

22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. 1942-ci ildə cəhbəyə göndərilən Mehdi Hüseynzadə minaatanlar tağımının komandiri vəzifəsində çalışaraq Stalinqrad döyüşündə iştirak etmişdir. 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür. Orada o, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salınmışdır. 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçmış və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulmuşdur.

Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirirlər. Növbəti ayda M.Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil olaraq, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatmışdır. Aprelin 2-də Mehdi Hüseynzadə Opçine yaşayış məntəqəsindəki kinoteatr binasını kinoseans zamanı partlatmışdır. Həmin ay, aprelin 22-də Mixaylo ikinci böyük diversiyanı həyata keçirir. Bia Qeqa küçəsində əsgər evi olan alman restoranının binasını partladılır.

Mehdi Hüseynzadə 1944-cü ilin noyabrın 2-də tapşırıqdan dönərkən Vitovlye kəndində həlak oldu. Onun həlak olması haqqında bir neçə fərziyyə var. Ən birinci versiya Mixaylonun gizləndiyi evin partizan oğlunun danışdıqlarına əsaslanır. O, məlumat verir ki, onların evini qəfildən almanlar mühasirəyə alır. Bu zaman Mehdi Hüseynzadənin əlində 2 qumbara və 5 gilizli tapança var idi. Mixaylo onlarla döyüşə girdi və atışmağa başladı. Düşmən evə soxulanda Mixaylo onların dəstəsinə 2 qumbara atdı. Yaranan qarışıqlıqdan istifadə edib arxa pəncərədən tullanıb qaçmağa başladı. Onu görən almanlar təqib etməyə başladılar. Mixaylo ayaqlarını geniş aralayıb tapançasını çıxardı və öz ürəyinə atəş açdı.

Sloveniya versiyasına görə 1944-cü ilin 1 noyabrında Mixaylo və 3 sloven diversantı korpus qərargahına gedərkən Vitovlye kəndində dayandılar. 8 nəfər partizanın əvvəlcədən gəlib gizləndiyi yer gecə qəfildən almanlar tərəfindən mühasirəyə alındı. Mixaylo və sloveniyalı Dreykeç mühasirədən çıxıb qaçmağa çalışdılar, amma avtomatdan açılan güllələrlə vuruldular. A.Zornun versiyasına görə həmin gecə almanlar kənddə rekvizit aksiya keçirdilər. A.Zornun özü başqa partizanla birgə almanlar tərəfindən ələ keçirildi. Qalanları isə tapılmadı. Ölümündən sonra- 1957-ci ildə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində rolu və fəaliyyəti uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum deyildi. 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzeti Mixaylonun hünərlərinə həsr olunmuş “Partizan igidliyi” məqaləsini dərc etdi. 1939-1945 İkinci Dünya müharibəsi tarixi nəşriyyatı Mehdi Hüseynzadəni Yuqoslaviyanın milli qəhrəmanları səviyyəsinə aid edir. Tanınmış kinorejissor Tofiq Tağızadə isə 1958-ci ildə ekranlara çıxan “Uzaq sahillərdə “ filmi ilə Mehdinin qəhrəmanlığını bütün dünyaya yaymışdır.

Vətənin qəhrəman oğlu Mehdi Hüseynzadə Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanaraq Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Bu gün də xalqımızın bu qəhrəman oğlu unudulmur, yaddaşlarda yaşayır.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button