AnalitikaGündəm

Mədəni irsimizə davam edən qayğı

Bildiyimiz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün ölkə rəhbəri İlham Əliyev  iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin ən gözəl yerində, şəhərimizin mərkəzində Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Qeyd edək ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.

Prezidentimiz açılış zamanı qeyd etdi ki, Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. Oranın dağlarını, meşələrini, çeşmələrini vəsf etmişdir və vaxtilə orada heykəli ucaldılmışdı. Vandallar Qarabağda tarixi və mədəni abidələrimizi uçurtduqları kimi, Aşıq Ələsgərin heykəlini də uçurtmuşlar. Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Amma orta əsr şairlərinin dillərində ərəb, fars kəlmələri o qədər çoxdur ki, indi onları yeni nəsillər lüğətsiz oxuya bilmirlər. Aşıq Ələsgərin, ümumiyyətlə, aşıq poeziyasının dili isə o qədər şəffafdır, bulaq suyu kimi o qədər təmizdir ki, onu biz lüğətsiz oxuyuruq. Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Möhtərəm cənab Prezident, bu müqəddəs ənənəni çox böyük uğurla davam etdirmişdir.

Bu gün Bakıda aşıq sənətinin əlçatmaz zirvəsinə yüksəlmiş ustad Ələsgər abidəsinin ucalması bu müqəddəs ənənənin davamıdır. Bu da bir həqiqətdir ki, Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, Aşıq Ələsgər yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği və onun əsas mərhələləri də Ulu Öndərin adı ilə bağlıdır.

Arzu Yaqubova,
Xəzər rayonu, 181 nomrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button