Siyasət

Macarıstan XİN başçısı: Türk Dövlətləri Təşkilatı Budapeştdə Quraqlığın Qarşısının Alınması İnstitutu yaradacaq

Ukraynada hazırda gedən müharibə fonunda Avropa ilə Mərkəzi Asiya arasında əməkdaşlıq xüsusi əhəmiyyət və dəyər kəsb edir.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bu fikri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşündə bildirib.

Nazir qeyd edib ki, onun ölkəsinin Təşkilatın fəaliyyətində iştirakı ticarəti və iqtisadi artımı stimullaşdıracaq. O deyib: “Şərq və Qərb arasında əməkdaşlıq Ukraynadakı müharibə səbəbindən ciddi çətinliklərlə qarşılaşıb, bəzi vilayətlərdə isə əməkdaşlıq ümumiyyətlə sıfra enib. Macarıstanın coğrafi vəziyyəti nəzərə alınarsa, bu ölkə digərləri ilə müqayisədə daha çox ziyan çəkib. Axı ölkə iqtisadiyyatı Asiya regionu ilə sıx bağlıdır və iki qitə arasındakı əməkdaşlıqdan daha böyük fayda əldə edir”.

Peter Siyyarto daha sonra əlavə edib ki, Macarıstan Şərq və Qərb arasında nə soyuq müharibə, nə “dəmir pərdə”, nə də nifaq istəyir. Nazir bildirib ki, yeni nəqliyyat marşrutları və tərəfdaşlıq münasibətləri mövcud iqtisadi modeli və Qərblə Şərq arasında əməkdaşlığı dəstəkləyən Avropa və Mərkəzi Asiya arasındakı əlaqələr sayəsində əmələ gələ bilər. Onun sözlərinə görə, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakdan faydalanıb. Siyyarto xatırladıb ki, ölkə bütün Avrasiya üzrə nəqliyyat əlaqələrinin genişlənməsindən ötrü təşkilatın platformasına qoşulub ki, bu da hazırda Ukraynada gedən müharibə ucbatından bağlanmış marşrutlardan yan keçmək imkanı verir.

Macarıstanlı nazirin sözlərinə görə, bürokratik əngəllər azaldılandan, təşkilat tərəfindən irəli sürülən infrastrukturun və rəqəmsal texnologiyaların inkişafından sonra Şərq və Qərb arasında ticarət sadələşdirilə bilər. O həmçinin vurğulayıb ki, Budapeştdə su ehtiyatlarının idarə edilməsi sahəsində dünya səviyyəli macar mühəndislərinin bilik və texnologiyalarından istifadə edəcək Quraqlığın Qarşısının Alınması İnstitutunun yaradılması planlaşdırılır. Macarıstanın bu təşkilatın investisiya fonduna da qoşulacağını bildirən Siyyarto əlavə edib ki, bugünkü mürəkkəb beynəlxalq şəraitdə sərmayələr iqtisadi inkişafın dəstəklənməsi üçün həyati vacibdir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən hər il 650 tələbə təqaüd proqramları üzrə, əksəriyyəti isə öz hesabına Macarıstan ali məktəblərində təhsil alır.

Baş nazir Viktor Orban da Ömüralıyevi qəbul edib. Hökumət başçısı bildirib ki, təhlükəli dövrlərdə daha çox müttəfiq və tərəfdaşın olması çox əhəmiyyətlidir. Macarıstanın özü üçün Şərqi “kəşf etmək” strategiyasına gəlincə, Orban deyib: “Biz Macarıstanın uğurlu və təhlükəsiz ölkəyə çevrilməsində hamının maraqlı olmasını istəyirik”.

Xatırladaq ki, K.Ömüralıyev TDT-nin gələcək fəaliyyəti barədə danışıqların aparılması üçün türk ölkələri üzrə turne çərçivəsində Macarıstanda işgüzar səfərdədir.

Oxşar Xəbərlər

Back to top button