Analitika

M.İ.Averbax adına layiq görülmüş ilk qadın

Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır.

O, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Z. Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Z.Ə.Əliyeva şin və yod sənayesi fəhlələrində gözlərin peşə xəstəliklərini tədqiq etməyə xüsusi diqqət yetirmişdir. Qeyd etmək lazımdır ki, şin istehsalı ölkəmizin kimya sənayesində getdikcə daha böyük yer tutsa da, Z.Ə.Əliyevanın tədqiqatlarına qədər nə ölkəmizin, nə də xarici ölkələrin tibb ədəbiyyatında şin istehsalının insan orqanizminə və görmə orqanlarına zərərli kimyəvi təsirinə dair müfəssəl əsərlər yox idi. Yodla uzunmüddətli iş prosesində gözlərin zədələnməsinin xüsusiyyətləri də kifayət qədər öyrənilməmişdi.

Sovet mətbuatı onu da yazırdı ki, Zərifə Əziz qızı Əliyeva SSRİ-nin bu ali mükafatına layiq görülən ilk qadın alimdir.

Professor Zərifə xanım Əliyeva məqalələrində bildirirdi ki, Azərbaycanda kimya sənayesi sürətlə inkişaf etdiyi üçün peşə xəstəliklərinə qarşı mübarizə ən vacib tibbi-bioloji problemlərdən biri idi. Geniş miqyasda aparılan profilaktik və müalicə tədbirləri nəticəsində indi kimya sənayesində görmə orqanının peşə xəstəliyinə tutulması hallarına az-az rast gəlinir və özünü intoksikasiyanın yüngül, subklinik forması şəklində büruzə verir.

Zərifə Əliyevanın apardığı fundamental tədqiqatların yeni olduğu məlum idi. Sonralar həmin tədqiqatlar müəllifin 1980-ci ildə Bakıda çap olunan orijinal “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyasının əsasını təşkil etdi.

Zərifə xanımın tədqiqatlarının miqyası geniş idi. Yaşından və iş stajından asılı olmayaraq, şin istehsalında çalışan 1281 işçinin üzərində klinik müşahidə aparılmışdı. Üstəlik bu araşdırmalar uzun illər ərzində müəyyən istehsal şəraitində kimyəvi intoksikasiyaya məruz qalan heyvanlar üzərindəki eksperimentlərlə elmi şəkildə uzlaşdırılmışdı. Göz xəstəliyinin morfoloji və histokimyəvi tədqiqatları bu xəstələrin patogenetik mahiyyətini aşkara çıxarmağa kömək etdi və göstərdi ki, gözün qabaq hissəsində əmələ gələn dəyişikliklər şin zavodunda istehsal amillərinin birbaşa təsiri ilə, gözün daxili hissəsinin zədələnməsi isə bütövlükdə həmin amillərin ümumtoksik təsiri ilə əlaqədardır.

Zərifə xanımın iş günü kabinetdən yox, zəhmətkeş fəhlə əllərinin çalışdığı istehsalatdan başlanırdı. Bakı yod zavodunda istehsal prosesinin, sanitar-gigiyenik xüsusiyyətlərinin, fəhlələrin iş şəraitinin, müxtəlif təcrübə və iş stajına malik peşə sahiblərinin sağlamlığının hərtərəfli vəziyyətini ciddi şəkildə araşdırmaq lazım gəlirdi. Eksperimental tədqiqatlar nəticəsində Zərifə xanım müəyyən etdi ki, yod istehsalında kimyəvi maddələrin buxarının toksik təsirindən görmə orqanı daha çox zərər çəkir. Klinik-eksperimental tədqiqatların nəticələri görmə orqanına toksik maddələrin təsirini daha düzgün qiymətləndirməyə və rasional müalicə üsulları işləyib hazırlamağa imkan yaratdı. Zərifə xanım Əliyevanın “Xronik yod intoksiyasında oftalmopatologiya” mövzusunda yazdığı ikinci monoqrafiya 1981-ci ildə çap olundu. Həmin monoqrafiya orijinal elmi tədqiqat əsəri kimi oftalmologiya elminin inkişafında əhəmiyyətli rol oynadı. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına layiq görülmüşdür ilk qadındır

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Nəzakətli, alicənab, qayğıkeş insan Zərifə xanım dünyadan tez köçsə də, xalqımızın qəlbində daim dərin hörmətlə anılır.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button