Lokal xarakterli antiterror tədbirləri

Biz, həqiqətən də, uzun bir dövr idi ki, bu günü gözləyirdik. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsində zəfər çalmasına baxmayaraq yenə də Ermənistana sülh əlini uzatmışdı, sülh yolu ilə bu proseslərin həllini dəstkləyirdi və bunun üçün bütün mümkün vasitələrini səfərbər etmişdi. Ancaq Ermənistan, həmçinin separatçılar dəfələrlə təxribatlar törətdilər, sülhə kölgə saldılar, üstəgəl öz müdafiələrini gücləndirmək üçün qaçaq yollarla silah-sursat təminatını həyata keçirdilər. Ancaq Azərbaycan Silahlı Qüvvələri sentyabrın 19-dan başlayaraq bu təxribatlara birdəfəlik son demək, durdurmaq üçün antiterror tədbirlərini həyata keçirməyə başladı. Cəmiyyətimiz də bunu çoxdan gözləyirdi. Çünki erməni xisləti həmişə iş başında olmaqla verilən heç bir sözə əməl etməyib, şərtləri qəbul etmiş kimi görünsə də, öz mənfur niyyətlərindən əl çəkmirdilər. Azərbaycan isə öz ölkəsində terror olmasını, təxribatların baş verməsini, yeni-yeni şəhid vermək istəmirdi. Çünki biz 44 günlük Vətən müharibəsində artıq bu işləri bitirmək niyyətindəydik. Təəssüflər olsun ki, Ermənistan, separatçılar və xunta rejimi bunu istəmirdi və nəticədə bu tədbirlərin həyata keçirilməsi üçün zəruriyyət yarandı. Hamıda olan ruh yüksəkliyi, igid, qəhraman ordumuza olan inam tezliklə Xankəndidən gələcək xoş xəbərlərə heç kəsdə şübhə doğurmurdu.
Separatçıların ilk gündə aktiv tədbirlər həyata keçirir və müqavimət göstərməyə cəhd etsə də, sonrakı gündə yenə hiyləyə əl ataraq daha çox mülki əhalinin yerləşdiyi məkanlara üz tutmaqla əməliyyatların hədəfi omaqdan yayındılar. Çünki onlar bilirdilər ki, bu tədbirlər məhz Qarabağ bölgəsindəki Ermənistana məxsus hərbi texnikanın, bazaların məhvini planlaşdırır. Ermənilərdən fərqli olaraq 44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycan ordusunun yüksək peşəkarlığı nəticəsində ancaq hərbi-strateji obyektlər hədəfə alınmışdı, mülki əhali yaşayan yerlərdə işlər son dərəcə həssaslıqla həyata keçirilimiş, bəzi hallarda insanlara zərər gəlməsin deyə, hətta, zərbə endirilməsi əmri son anda ləğv olunmuşdu. Hərbçilərimizi təxribatlara cəlb etmək istəyən düşmən hələ Vətən müharibəsi dövründən onların peşəkarlığından, öz işlərini layiqincə görə biləcəklərindən əmin olmalı idilər. Belə bir həssas dövrdə çox çəkmədən cəmiyyətimiz o xoş xəbəri eşitdi, antiterror əməliyyatları cəmi bir sutka davam etdi və yenə də Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü şərtlərə razılşmaqla təslim olmağa məcbur edildi.
Azərbaycan artıq Qarabağda erməni seperatizminə son qoydu. Dünyanın heç bir ölkəsində seperatizmə göz yumacaq, səbr göstərəcək bir ölkə tapmaq mümkün deyil. Azərbaycanının lokal xarakterli antiterror tədbirləri keçirməsində heç bir hüquq pozuntusundan söhbət gedə bilməz. Azərbaycanın dövlət olaraq öz ölkəsində istənilən hərbi və silahlı qiyamı, separatizmə meyilli ocaqları məhv etmək onun suveren hüququdur. Beynəlxalq hüquqa uyğun olaraq da Azərbaycan öz ərazisində separatizm ocaqlarını məhv etməsi normalara uyğun həyata keçirilib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan özünün şərti sərhədlərinə qədər erməni işğalçılarını qovub çıxartdı. Azərbaycan heç cür razı ola bilməzdi ki, ərazisində hansısa separitizm mövcud olsun, hətta o qüvvələr özünün qanunlarını həyata keçirsin, öz “dövlət”lərini qursun, müxtəlif siyasi seçkilər keçirsin və ən əsası Azərbaycan xalqına təhlükə yaratsın. Son əməliyyatlara qədər sanki 44 günlük müharibədən öncəki vəziyyət hökm sürürdü. Yenə də vaxt-vaxt atəşkəs pozulur, tez-tez şəhid xəbərləri eşidirdik və buna sonsuza qədər dözməli deyildik. Belə də oldu: səbri tükənmiş Azərbaycan xalqı, Azərbaycan ordusu bu olanlara dur deməyi bacardı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı”nda bildirildiyi kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdi və belə də oldu. Nəhayət erməni tərəfi Azərbaycan ordusunun gücünə bələd olduğundan şərtləri qəbul etdi və bu gün nəhayət ki, o tarixi görüş baş tutacaq. Bu görüşdən gözləntilər həddindən atrıq böyükdür və erməni tərəfi münasibətlərin normallaşmasının hər kəsdən çox öz ölkəsinə xeyir verəcəyini düşünərək qarşıya qoyulan şərtlərə mütləq əməl etməlidir. Ancaq belə olduğu təqdirdə Qafqaz regioununda sülh bərqərar olar, yüzilliklər boyu bir yerdə yaşayan müxtəlif etnik qruplar yenə də ənim-amanlıq şəraitində yaşayar.
Əbdüləlizadə Fidan Elşən qızı,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi