Lokal xarakterli antiterror tədbirləri bir daha Ali Baş Komandanın dəmir iradəsini və Azərbaycan Ordusunun peşəkarlığını sübut etdi
“Məlum olduğu kimi, sentyabr ayının 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdu. Baxmayaraq ki, dəfələrlə Azərbaycan tərəfi istər Ermənistanı, istərsə də beynəlxalq təşkilatları mina və terror təhlükəsi ilə bağlı xəbərdar edib, lakin erməni silahlı birləşmələri çirkin əməllərinə davam ediblər. 19 sentyabr tarixində baş verən terror hadisəsi artıq Azərbaycan Ordusunun müvafiq tədbirlər görməsi ilə nəticələndi. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib: “Antiterror tədbirləri nəticəsində Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstəriblər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, Azərbaycan Ordusu qəhrəmanlıq, peşəkarlıq göstərib və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edib”.
“Tədbirlər zamanı Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilib, hərbi texnika məhv edilib, sıradan çıxarılıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlanıb.