
Azərbaycan tarixində xalqımızın qəhrəmanlığını, əzmini və torpaq sevgisini əks etdirən bir çox mühüm günlər var. Bu günlərdən biri də 26 Avqustdur – Laçın Şəhəri Günü. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunması deyil, bütövlükdə Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin və torpaqlarımıza olan əbədi bağlılığının rəmzinə çevrilmişdir.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq və meşəlik ərazidə yerləşir. Qarabağ dağ silsiləsinin əsas keçid yollarından biri məhz Laçın ərazisindən keçir. Bu keçid Ermənistanla Dağlıq Qarabağ arasında strateji körpü rolunu oynayırdı. Ərazinin sərt relyefi və dağlıq iqlimi Laçını həm hərbi, həm də iqtisadi baxımdan mühüm əraziyə çevirirdi. Təbii sərvətləri, dağ çayları, mineral bulaqları, meşələri və zəngin flora-faunası ilə seçilən bu rayon həm də turizm potensialına görə xüsusi əhəmiyyət kəsb edir.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildi. Nəticədə 70 minə yaxın sakin öz doğma yurd-yuvasından didərgin düşdü. Şəhər və ətraf kəndlər işğal dövründə amansızcasına dağıdıldı, mədəni irsimiz məhv edildi, yaşayış evləri, tarixi abidələr, məscidlər və qəbiristanlıqlar vandalizmə məruz qaldı. Bu işğal, təkcə Laçınlılar üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük bir faciə idi. Hər bir azərbaycanlının qəlbində Laçın adını daşıyan bir həsrət yaşamağa başladı. Amma bu həsrət heç zaman ümidsizliyə çevrilmədi. Azərbaycan xalqı, dövlət başçısının rəhbərliyi ilə bir gün Laçının azad olunacağına qəti şəkildə inanırdı.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqları mərhələ-mərhələ azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan Laçın rayonunu 1 dekabr 2020-ci ilədək Azərbaycana təhvil verməyə razılaşdı.
Lakin Laçın şəhərinin özü, eləcə də Zabux və Sus kəndləri müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində saxlanılırdı. Bu isə Azərbaycanın tam suverenliyinin təmin olunması üçün ciddi diplomatik və strateji səylər tələb edirdi. Azərbaycan dövləti tərəfindən qısa müddətdə Yeni Laçın yolu inşa edildi. Bu, həm ərazidə infrastrukturun bərpası baxımından, həm də Ermənistan silahlı birləşmələrinin çıxarılması və sülhməramlıların müvəqqəti nəzarətində olan hissənin tam Azərbaycana qaytarılması baxımından mühüm rol oynadı.
2022-ci ilin 26 avqust tarixində Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil oldu. Bununla da Laçın üzərində dövlətimizin suverenliyi tam bərpa edildi. Bu gün rəsmi olaraq Laçın Şəhəri Günü kimi qeyd olunur və hər il 26 Avqustda ölkə səviyyəsində müxtəlif tədbirlər təşkil olunur.
Azad olunmuş digər ərazilər kimi, Laçın şəhərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə şəhərdə çoxsaylı layihələrin təməli qoyulub və icrasına başlanılıb. Artıq bir neçə mərhələdə köç prosesi baş tutub və laçınlı ailələr doğma yurdlarına qayıdıb.
Laçın yenidən canlanır – yeni evlər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, parklar və sosial obyektlər inşa olunur. Bu, yalnız fiziki bir bərpa deyil, həm də mənəvi dirçəlişdir. Azərbaycan xalqının torpağa, mədəniyyətə və gələcəyə olan inamının simvoludur.
Bu günün qeyd olunması, Laçının və bütövlükdə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha dünyaya göstərməkdir. Laçının azadlığı, Azərbaycan xalqının illərlə çəkdiyi əzabların və səbrinin nəticəsidir.
26 Avqust – Laçın Şəhəri Günü təkcə bir şəhərin azadlığı deyil, bir millətin iradəsinin, haqqın və ədalətin zəfərinin günüdür. Bu gün hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Laçın artıq azaddır – və bu azadlıq əbədidir!
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi