Laçının Azadlığı və Tarixi Ədalətin Bərpası

Azərbaycanın yaxın tarixinin ən şanlı səhifələrindən biri olan 26 avqust – Laçın Şəhəri Günü xalqımızın əzmkarlığının və tarixi ədalətin bərpasının rəmzidir. Otuz ilə yaxın davam edən işğal dövründən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində bu qədim diyar yenidən azadlığına qovuşmuşdur. 1992-ci ilin mayında baş verən işğal nəticəsində strateji əhəmiyyətli Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən zəbt olunmuş, əhali etnik təmizləməyə məruz qalmış və bölgənin zəngin maddi-mədəni irsi vandalizmə məruz almışdır. Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilmişdir.
Bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Laçını Cənubi Qafqazın yeni inkişaf mərkəzinə çevirmişdir. Rayonun enerji təhlükəsizliyini təmin etmək məqsədilə Həkəri və Zabux çayları üzərində kiçik su elektrik stansiyaları inşa edilmiş, həmçinin “Həkəriçay” su anbarının təməli qoyulmuşdur. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı və Kəlbəcər-Laçın avtomobil yolu regionun logistika və turizm potensialını qlobal səviyyəyə qaldırmışdır. Eyni zamanda, Laçın Aqro-Sənaye Parkı çərçivəsində mebel, tikiş, ayaqqabı fabrikləri və “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyətə başlaması iqtisadi dirçəlişi təmin edir.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində minlərlə laçınlı otuz ildən sonra doğma yurdlarına qayıdaraq müasir standartlara cavab verən evlərdə daimi məskunlaşmışdır. Zabux, Sus və Bəylik kəndləri tamamilə yenidən qurularaq məktəb, uşaq bağçası, tibb məntəqəsi və sosial obyektlərlə təchiz edilmişdir. Laçın şəhərində təsdiq edilən Baş Plan əsasında tətbiq olunan “15 dəqiqəlik şəhər” prinsipi və sakinlər üçün yaradılan hərtərəfli şərait bölgədə rahat həyatı təmin edir.
Şəhərin beynəlxalq miqyasda nüfuzu artaraq 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında keçirilən beynəlxalq tədbirlər, eləcə də dövlət başçılarının iştirakı ilə reallaşan zirvə görüşləri bu torpaqların sülh və əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. İşğaldan azad edilən Laçının hər bir qarışında aparılan abadlıq və quruculuq işləri Azərbaycanın gücünün, iqtisadi qüdrətinin və quruculuq ideologiyasının təntənəsidir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



