Analitika

Laçında törədilən erməni vandalizmi onun zəngin keçmişini məhv etmək üçün idi

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur. 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.

Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazidir.

Bu gün Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button