Laçında oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu
Laçın AXC-“Müsavat” cütlüyünün hakimiyyət uğrunda mübarizəsinin qurbanı oldu. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-“Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra – mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-“Müsavat” cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. AXC-“Müsavat” cütlüyünün hakimiyyəti isə Laçını nəinki işğaldan azad edə bilmədi, əksinə digər torpaqlarımız da erməni işğalına məruz qaldı. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi. Ermənilər Laçını tərk edərkən vandallıq törədiblər. Bu məqamda vurğulayaq ki, düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Beləliklə, son da bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı