AnalitikaGündəmSiyasət

Laçında keçirilən görüş Azərbaycan xalqı üçün mənəvi və siyasi qələbə oldu

Mayın 28-də Laçında keçirilən Zirvə görüşü Azərbaycan, Türkiyə və Pakistan liderləri – Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə böyük tarixi əhəmiyyət daşıyan bir hadisəyə çevrildi. Bu görüş təkcə üç qardaş ölkənin dostluq və tərəfdaşlığını nümayiş etdirməklə kifayətlənmədi, həm də regionda sülhün, əməkdaşlığın və ortaq inkişafın yeni mərhələsini işıqlandırdı.

Laçında keçirilən görüş Azərbaycan xalqı üçün mənəvi və siyasi qələbə oldu. Bu tarixi görüşlə Azərbaycanın, Türkiyənin və Pakistanın birgə əməkdaşlığında yeni mərhələ başlayır. Prezidentin sözlərinə görə, bu gün müzakirə olunan məsələlər və əldə edilən razılaşmalar yaxın gələcəkdə tərəflər arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Dövlət başçısı həmçinin qeyd edib ki, 107 il əvvəl, 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu, tariximizdə mühüm və qürurverici hadisə idi. Təəssüf ki, bu müstəqil dövlətin ömrü uzun sürmədi və 1920-ci ilin aprelində sovetlərin müdaxiləsi ilə Azərbaycan müstəqilliyini itirdi. Elə həmin ilin noyabrında isə Qərbi Zəngəzur bölgəsi sovet Rusiyası tərəfindən Azərbaycanın tərkibindən ayrılaraq Ermənistana verildi. Bu, xalqımızın üzləşdiyi böyük ədalətsizliklərdən biri idi.

Bu görüş yalnız diplomatik bir hadisə deyil, həm də Azərbaycan xalqı üçün mənəvi qələbə oldu. 30 ilə yaxın düşmən işğalında olan Laçın torpağında bu gün üç qardaş dövlətin liderlərinin bir araya gəlməsi, Azərbaycanın regional gücə çevrildiyinin real göstəricisidir.

Laçında dalğalanan üç bayraq – Azərbaycan, Türkiyə və Pakistan – həm şəhidlərin ruhuna ehtiram, həm də gələcək nəsillərə qürurverici mirasdır. Bu, “bir millət, üç dövlət” fəlsəfəsinin canlı təcəssümüdür.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button