Laçında aparılan nəhəng quruculuq prossesi bizim gücümüzün göstəricisidir
10 noyabr 2020-ci il tarixli bəyanatla dekabr ayının 1-də Azərbaycan ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu Laçın şəhərindən keçdiyi üçün o vaxt şəhər nəzarətimizə götürülməmişdi. Ancaq üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, Azərbaycan deyilən vaxtdan da az bir müddətə sözügedən yola alternativ yol çəkdi və bundan sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə təntənəli şəkildə daxil oldu.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır
Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir.
Dövlət başçısı Laçında həyata keçirilən quruculuq işlərindən bəhs etdi, “Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, – nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, – bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”, – Prezident İlham Əliyev vurğulayıb.
Bu gün dövlətimizin Laçında apardığı nəhəng quruculuq prosesi onu söyləməyə əsas verir ki, yaxın gələcəkdə Laçın respublikamızın ən dilbər guşələrindən birinə çevriləcək, iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcəkdir
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı