Laçın – təhsilə verilən dəyər

Böyük Qayıdışın davamlı olması üçün təhsil infrastrukturu mühüm əhəmiyyət daşıyır. Laçında məktəblərin tikilməsi və yenilənməsi bu istiqamətdə həyata keçirilən əsas layihələrdəndir. Məqsəd uşaqların doğma yurdda müasir təhsil imkanlarından yararlanmasını təmin etməkdir.
Laçın rayon 2 nömrəli tam orta məktəbi 510 şagird yerinə hesablanıb. Müasir məktəb binasında sinif otaqları ilə yanaşı informatika və texnologiya kabinetləri, laboratoriyalar, məktəbəhazırlıq və hərbi hazırlıq otaqları yaradılıb. Bu infrastruktur şagirdlərin müxtəlif istiqamətlərdə inkişafına imkan verir.
Zabux kəndində 176 şagird yerlik tam orta məktəbin fəaliyyətə başlaması da kənd sakinləri üçün mühüm sosial hadisədir. Sus kəndində də 132 yerlik orta məktəb yaradılıb. Bu layihələr qayıdan ailələrin uşaqlarının təhsil ehtiyaclarının yerli səviyyədə qarşılanmasına imkan verir.
Laçında təhsil müəssisələrinin yaradılması şəhərin gələcəyinə qoyulan sərmayədir. Yeni məktəblər burada böyüyəcək nəslin bilik və bacarıqlarının formalaşmasına xidmət edəcək. Beləliklə, Laçının bərpası yalnız bu günün deyil, gələcək nəsillərin də inkişafını nəzərdə tutur.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



