Laçın – tarixdən gələcəyə uzanan yol

Laçın şəhəri Azərbaycan tarixində özünəməxsus yeri olan qədim yaşayış məkanlarından biridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması şəhərin müasir inzibati tarixində mühüm mərhələ olmuşdur. 1930-cu ildə Laçın rayonunun yaradılması ilə şəhər bölgənin inzibati mərkəzinə çevrilmişdir.
Laçının tarixi yalnız inzibati inkişafla deyil, həm də onun strateji mövqeyi və zəngin təbiəti ilə bağlıdır. Rayon geniş yaylaq sahələrinə, meşə massivlərinə və dağlıq landşaftlara malikdir. Bu xüsusiyyətlər Laçının iqtisadi və turizm imkanlarının formalaşmasında mühüm rol oynayır.
1992-ci il mayın 18-də Laçının işğalı şəhərin və rayonun tarixində ağır səhifə açdı. İşğal zamanı əhali doğma torpaqlarından didərgin salındı, çoxsaylı insan itkisi baş verdi, mədəniyyət, təhsil və səhiyyə obyektləri dağıdıldı. Tarixi abidələrin də vandalizmə məruz qalması Laçının mədəni irsinə böyük zərbə vurdu.
Bu gün isə Laçın yeni inkişaf mərhələsini yaşayır. Şəhərin bərpası, insanların doğma yurda qayıdışı və müasir infrastrukturun yaradılması keçmişin ağır izlərini gələcəyin quruculuq mənzərəsi ilə əvəz edir. 26 Avqust – Laçın Şəhəri Günü bu dəyişimin simvolik ifadəsidir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının gənc fəalı



