“Laçın” sərhəd-buraxılış məntəqəsinin mövcudluğunun müsbət təzahür formaları
Azərbaycan xalqının Ermənistan üzərində qazandığı “Zəfər” istər ölkəmizin hərb, istərsə də siyasi cəhətdən üstünlüyünün ən böyük sübutu idi. Müharibədən sonra da əldə edilən uğurlarin ardı-arası kəsilməmiş, dövlətimiz müxtəlif mövqelərdə də düşmənə layiqli cavab vermişdir.
Azərbaycanın yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan növbəti uğur Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu.
Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda – 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
Kapitulyasiya aktına imza atmış Ermənistanın isə sonrakı addımlarında çirkin niyyətlərindən əl çəkmədiyinə diqqət çəkmək lazım gəlir. Belə ki, Azərbaycan yeni yolun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi.
Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı. Laçının mərkəzi 2022-ci ilin sentyabrında qansız və heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi.
Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı.
Azərbaycan lideri bayrağın ucaldılması mərasimində çıxışında bunu tarixi hadisə adlandırmışdı: “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaq”.
Təəssüf ki, hadisələrin sonrakı inkişafında biz yenə də Ermənistanın təxribat və diversiyalarının şahidi oluruq. Müharibədə aldığı sarsıdıcı zərbələrə baxmayaraq, sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirirdilər. Eyni zamanda Azərbaycanın Qarabağda təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınması halları baş verirdi. Xüsusilə, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qanunsuz istismar olunur, Qarabağdakı Rusiya sülhməramlılarının gözü qarşısında Azərbaycanın təbii sərvəti talanaraq Ermənistana, oradan da xaricə daşınırdı.
Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına ağır zərbələr vurulmasına imkan verməmək üçün ekoloji fəallar 2022-ci il dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində fasiləsiz etiraz aksiyasına başladılar, bununla da ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdilər.
Maraqlı məqam odur ki, eko-aktivistlərin bu addımını dəstəkləməli, Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyəti pisləməli olan beynəlxalq təşkilatlar, dövlətlər 30 illik işğal dövründə olduğu kimi, yenə də ədalətsiz mövqe ortaya qoydu. Azərbaycana qarşı kampaniyalar təşkil edildiyi, təzyiqlər göstərilməsinə cəhdlər oldu, xarici mediada Azərbaycana qarşı qara piar aparıldı ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir.
Lakin heç bir təzyiq, heç bir kampaniya Azərbaycanı, onun Prezidentini qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməyə davam etdi, hətta Azərbaycan Prezidentinin Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək, onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu; Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.
Həyata keçirilən bu kimi tədbirlər Azərbaycanın Beynəlxalq Arendakı gücünü bir daha təsdiqləyir.
Ələkbərova Səmral,
Xəzər rayonu, 121№li tam orta məktəb müəllimi