Komando Qüvvələrinin yaradılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasına böyük töhfələr verir
“Sirr deyil ki, Azərbaycan 2020-ci ildə tarixi ədaləti bərpa edərək torpaqlarını işğaldan azad etdi və dövlətimizin tam Zəfəri ilə yekunlaşdı. Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələr mühüm peşəkarlıq və qəhrəmanlıq göstərdi, bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu oldu. Lakin müharibədən sonra da revanşit erməni qüvvələri baş qaldırmağa, regionda vəziyyəti gərginləşdirməyə cəhdlər etdi. Bu səbəbdən də Azərbaycan dövləti Ordusunu daha da gücləndirmək, təkmilləşdirmək yolunu tutdu. Elə bu səbəbdən də Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradıldı və onların sayı artmaqdadır. Elə 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanışlıq bu baxımdan istisna təşkil etmir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan yeni silahların alınması prosesini davam etdirib və pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi üçün müqavilələr imzalanıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf edir, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir. Bu proseslərin məntiqi nəticəsi onu deməyə əsas verir ki, hazırda silahlı qüvvələrimiz müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bütövlükdə, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, dəniz piyadalarının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayının dəfələrlə artırılması ərazilərimizin daha etibarlı qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədinə xidmət edir”.