Analitika

Komando hərbi hissələri bizim gücümüzü daha da artıracaq

Artıq Vətən Müharibəsindən sonra ölkəmizdə əsgərlik yaşına çatmış gənclərin ən böyük xəyallarından biri komando kimi xidmət etmək olacaq. Çünki komando olmaq əsgər və ailəsi üçün xüsusi qürur və şərəf mənbəyidir. Komando birliyi Silahlı Qüvvələr tərəfindən xüsusi olaraq formalaşdırılan, digər birliklərdən müstəqil olaraq fəaliyyət göstərən, basqın və təxribat kimi xüsusi tapşırıqları uğurla yerinə yetirən müəyyən sayda hərbi qulluqudan ibarətdir. Onlar, orduda ən tələbkar və qabaqcıl təlim və təhsil görmüş hərbi qulluqçular arasından seçilir.

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı bu fikirləri səsləndirmişdir. “Onu da bildirməliyəm ki, uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir – birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, 44 günlük Vətən müharibəsini zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button