Azərbaycanımızın gözəl rayonları çoxdur. Bu rayonların hər biri öz təbiəti ,gözəlliyi ilə yadda qalır. Kəlbəcər də belə rayonlarımızdan biridir. Lakin, Kəlbəcər rayonu öz gözəlliyi, təbiəti və iqlim qurşağı ilə digər rayonlardan fərqlənir.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Həmçinin, Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub.
Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 25 noyabr 2020-ci il tarixində, noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. İşğal zamanı rayonda törətdikləri vəhşilikdən doymayan, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdirlər. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
2020-ci il noyabrın 26-da Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, 9455 hərbi qulluqçu bu medulla təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü iltarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Tavat Muradova,
Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi