Kəlbəcərin işğalı

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri talan edildi.
Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.
Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir. Kəlbəcər rayonu ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi. Ermənilər Kəlbəcərə dünya şöhrəti qazandırmış İstisu bulaqlarını, qiymətli ağaclardan ibarət meşələri tar-mar edirdilər.
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı, Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu.
Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu.
Mətanət Cəfərova,
YAP-ın fəalı