AnalitikaGündəmSiyasət

Kəlbəcərə İlk Köç Karvanı: Vətən Həsrəti, Yurd Nisgilimizin Sonu

Prezident İlham Əliyevin Kəlbəcərə son səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyat sürətlə bərpa olunur, yeni reallıqlar əsasında müasir infrastruktur formalaşdırılır və xalqımızın doğma yurdlarımıza qayıdışı gerçəkləşir. Əsrarəngiz təbiəti ilə göz oxşayan Kəlbəcər rayonunun işğaldan azad edilməsi Prezident İlham Əliyevin uzaqgörən və situasiyaya uyğun, çevik diplomatik yanaşmasının manifestidir. Kəlbəcər döyüş meydanında əldə olunan möhtəşəm zəfərin diplomatiya müstəvisinə transformasiyasının təzahürüdür.

Ölkə başçısı İlham Əliyevin Kəlbəcərə səfəri, 30 ildən artıq elindən-obasından ayrı düşən sakinlərin Kəlbəcərə ilk qayıdışı bütün xalqımızı sevindirdi.
5 il öncə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə ölkəmizin tarixində yeni səhifə açıldı. Bu səhifənin ən mühüm hadisələrindən biri işğaldan azad edilmiş Kəlbəcərə böyük qayıdışın başlamasıdır. Hər birimiz Kəlbəcərə qayıdan sakinlərin sevinc hissini, minnətdarlıq hissini fəxarətlə izlədik.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxış və həyata keçirilən tədbirlər bu tarixi prosesin həm siyasi, həm də sosial-iqtisadi baxımdan mahiyyətini aydın şəkildə göstərir.

Kəlbəcər təbiət möcüzəsidir. Burada minlərlə hektar meşə sahəsi, nadir flora və fauna, dağ çayları və bulaqları mövcuddur. Əsrlər boyu Kəlbəcər suları ilə, təmiz havası ilə, zəngin təbiəti ilə məşhur olub. “İstisu” kimi mineral bulaqları həm Azərbaycanda, həm də regionda tanınıb. Bu gün həmin təbii sərvətlər yenidən xalqın istifadəsinə qaytarılır. Kəlbəcərin dağlarının ətəklərində yaşayan nadir heyvan növləri, dərələrində açan çiçəklər, təmiz bulaqları həm Azərbaycanın, həm də bütün dünyanın diqqətini cəlb edəcək dərəcədə qiymətlidir.

Ermənilər işğal dövründə Kəlbəcərdə bir dənə də salamat bina qoymamış, bütün kəndləri viran etmiş, təbiətə və mədəni irsə ağır zərbələr vurmuşdular. Lakin bu gün Azərbaycan dövləti həmin yerlərdə yeni şəhər, yollar, məktəblər, zavodlar inşa edir. Bu, təkcə fiziki quruculuq deyil, həm də mənəvi qələbədir.

Prezident İlham Əliyevin kəlbəcərlilərlə görüşündə çıxışı zamanı keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarında hər cür şəraiti olan mənzillərdə rahat və təhlükəsiz yaşamaları münasibətilə təbrik edib və əminliklə deyib ki, onlar bundan sonra da öz yurd-yuvalarında rahat yaşayacaqlar: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz”.

Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir.
Sülh və təhlükəsizlik siyasətinin təminatı bəhrəsini verir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir.

Eyni zamanda, bu gün ölkəmiz bölgədə sülhün əsas təminatçısına çevrilib. Ermənistanla imzalanmış sülh sazişi Azərbaycanın mövqeyini tam əks etdirir və yeni reallıqlar artıq beynəlxalq müstəvidə də qəbul olunub.

Əliyeva Aygün,
Xəzər rayonu,E. Əliyev adına 234 nömrəli tam orta ümumtəhsil məktəbi müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button