Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir

Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca sıra ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində 30 min il tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.İşğalçı Ermənistan ordusu 1993-cü il 2 aprel tarixində Kəlbəcəri işğal etdi. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. İşğaldan əvvəl Kəlbəcərdə 88 mindən çox əhali yaşayırdı. Kəlbəcərin işğalı zamanı buranın sakinləri Azərbaycanın 50-dən çox bölgəsinə yerləşdirildi. İşğal zamanı 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb. Ermənilərdən canlarını qurtarmaq istəyən uşaqlar, qocalar, qadınlar qışın şaxtasında dağlarda donaraq dünyalarını dəyişdilər. 25 noyabr 2023-cü il tarixi Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 2-ci ildönümüdür. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Kəlbəcərin bir güllə atmadan qaytarılması Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin işğalda olması hər bir azərbaycanlının faciəsi idi. 44 günlük Vətən müharibəsi işğala son qoydu.Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. Kəlbəcərdə həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev işğaldan azad olunan bölgələrə səfəri bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı