
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Globalnews.az “Report”-a istinadən xəbər verir ki, mətndə deyilir:
“Zati-aliləri,
Sizin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşünüzün yekunlarına dair Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Zati-alinizin müasir tarixə həkk olunmuş qətiyyətli və hüquqauyğun addımları Asiyada uzun müddət davam etmiş daha bir münaqişənin həll olunmasını təmin etdi.
Azərbaycanın əldə etdiyi bu əlamətdar nailiyyət ölkənizin regional və qlobal sülh və təhlükəsizliyin təşviqinə dönməz sadiqliyini bir daha nümayiş etdirdi.
Zati-alinizin strateji rəhbərliyi altında Azərbaycanın səyləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) əhatə etdiyi geniş regionun tranzit və nəqliyyat potensialının reallaşması ilə dayanıqlı əlaqəliliyə, mədəniyyətlərarası dialoqun təşviqinə, iqlim dəyişikliyi ilə bağlı çağırışlarla mübarizəyə və AQEM-in vasitəçilik, münaqişələrin həlli və münaqişədən sonra bərpa qabiliyyətlərinin güclənməsinə mühüm töhfə verir.
Zati-aliləri, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.