
İtaliya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində qurulmuşdur. Bu əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələri əhatə edir. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə qurulmuşdur. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində xüsusilə BMT, ATƏT və Avropa İttifaqı ilə əməkdaşlıqda bir-birini dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının dövlət başçıları arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələr arasında ticarət dövriyyəsinin böyük hissəsi enerji məhsulları xüsusilə neft və qaz ixracı ilə bağlıdır.
Azərbaycan neftinin Avropaya çatdırılmasında İtaliya mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP (Trans-Adriatik Boru Kəməri) məhz İtaliya ərazisində başa çatır. Bu layihə həm Azərbaycan qazının Avropaya çıxışını təmin edir, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Mədəni əməkdaşlıq sahəsində də əlaqələr çoxşaxəlidir. Romada, Neapolda, Venesiyada Azərbaycan mədəniyyəti günləri, sərgilər və konsertlər keçirilir.
Azərbaycan və İtaliya arasında təhsil və elm sahəsində də əlaqələr inkişaf edir. Bir sıra azərbaycanlı tələbələr İtaliya universitetlərində təhsil alır, həmçinin İtaliyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq layihələri həyata keçirilir. İki ölkə arasında diplomatik münasibətləri tənzimləyən çoxsaylı sənədlər imzalanmışdır. 2020-ci ildə Prezident İlham Əliyevin Romaya dövlət səfəri zamanı “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmış və bu sənəd münasibətləri yeni mərhələyə qaldırmışdır.
İtaliya-Azərbaycan Universiteti Azərbaycan ilə İtaliya arasında elm, təhsil və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür. Bu universitetin yaradılması ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının rəhbərləri arasında keçirilən görüşlər zamanı formalaşmışdır. Universitetin əsas məqsədi iki ölkə arasında elmi-tədris mübadiləsini gücləndirmək, Avropa təhsil standartlarına uyğun yeni kadrların hazırlanmasını təmin etməkdir. Burada tədris prosesi İtaliyanın aparıcı universitetləri – xüsusilə Sapienza (Roma), Politecnico di Milano, Politecnico di Torino, Bologna və Luiss Guido Carli kimi ali məktəblərin iştirakı ilə həyata keçirilir.Bu əməkdaşlıq nəticəsində tələbələr həm İtaliya, həm də Azərbaycan professorlarının dərslərində iştirak edəcək, ikili diplom almaq imkanı qazanacaqlar.İtaliya-Azərbaycan Universiteti elm və texnologiya sahəsində birgə tədqiqatların aparılmasına da şərait yaradacaq. Bu layihə innovasiya, mühəndislik, enerji, memarlıq, dizayn və idarəetmə kimi istiqamətlərdə iki ölkə arasında bilik mübadiləsini gücləndirəcək.
Universitet iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın da möhkəmlənməsinə təkan verəcək. Burada yetişən mütəxəssislər gələcəkdə enerji, mühəndislik, biznes və diplomatiya sahələrində fəaliyyət göstərərək İtaliya–Azərbaycan əlaqələrinin davamlı inkişafına xidmət edəcəklər. İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında strateji tərəfdaşlığın təhsil sahəsində parlaq nümunəsidir. Bu ali təhsil ocağı gələcək nəsillərin Avropa dəyərləri və Azərbaycan reallıqları əsasında yetişdirilməsini təmin etməklə, İtaliya ilə Azərbaycanın dostluq və əməkdaşlıq münasibətlərinə uzunmüddətli töhfə verəcək.
Günel Əlizadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi