AnalitikaGündəmSiyasət

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

30 sentyabr 2025-ci il tarixində İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana rəsmi səfərə gəldi və gün ərzində Prezident İlham Əliyev ilə geniş görüşlər keçirdi. Səfər çərçivəsində dövlət başçıları mətbuata birgə bəyanatlar verdilər. İlham Əliyevin mətbuata çıxışı xüsusi önəm daşıyırdı, çünki o, müxtəlif sahələrdə Azərbaycanİtaliya əməkdaşlığının dərinləşməsini, qarşılıqlı maraqları və gələcək prioritetləri vurğuladı. Müasir beynəlxalq münasibətlər sistemində bəzi ölkələr arasında əlaqələr sadəcə dostluq səviyyəsində deyil, əsl strateji tərəfdaşlıq statusuna çatır. Azərbaycan ilə İtaliya arasında münasibətlər bu qəbildəndir. Prezident İlham Əliyevin sözləri ilə desək: “İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”. Bu münasibətlər son illərdə həm siyasi dialoqun intensivləşməsi, həm də enerji, ticarət, mədəniyyət və investisiya sahələrindəki əməkdaşlığın miqyasına görə yeni mərhələyə qədəm qoyub.

İtaliya və Azərbaycan arasındakı münasibətlərə siyasi etimad və bərabərhüquqlu dialoq əsas verir. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir. İtaliya Prezidenti Sergio Mattarellanın 2020 və 2025-ci illərdə Azərbaycana rəsmi səfərləri, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun güclü olduğunu sübut edir. Azərbaycanın ərazi bütövlüyünə İtaliyanın verdiyi açıq dəstək və İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində İtaliya şirkətlərinin iştirakı, strateji münasibətlərin praktik ifadəsidir. 2020-ci ildə Romada imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu əlaqələrin hüquqi və siyasi əsaslarını möhkəmləndirən sənəddir.

İtaliya, Azərbaycanın Avropada birinci ticarət tərəfdaşıdır. İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrdən biridir, xüsusilə neft və qaz sahəsində. Bir çox İtaliya şirkəti Azərbaycanın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və bərpa olunan enerji sahəsində fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti vardır və bu sayın artması gözlənilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və “ağıllı şəhər” layihələrində İtaliya şirkətləri də aktiv iştirak edir.

Bu tərəfdaşlıq yalnız iki ölkənin deyil, Cənubi Qafqaz və Avropa arasında körpü rolunu oynayan geosiyasi əməkdaşlıq modelinə çevrilir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi üçün real potensial var və hər iki tərəfin siyasi iradəsi bu istiqamətdə möhkəmdir. Elektrik enerjisinin ixracı sahəsində ortaq layihələr təşviq olunmalıdır. İtaliya şirkətləri Qarabağda daha geniş fəaliyyətə cəlb edilməlidir. Təhsil və tələbə mübadiləsi proqramları artırılmalı, birgə universitet təşəbbüsləri dəstəklənməlidir. Yüksək səviyyəli siyasi dialoq və daimi hökumətlərarası komissiyalar əlaqələri sistemli şəkildə inkişaf etdirməlidir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov

Oxşar Xəbərlər

Back to top button