Analitika

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə səfərinin böyük əhəmiyyəti var

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.

Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.

1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesi nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel bu ərazidə geniş fəaliyyət göstəriblər.

Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.

Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 min yəhudinin yaşamasıdır.

ki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər. 

Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilir.

Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün Yaxın Şərqdə baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm platforma ola bilər.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button