Analitika

İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə həyata keçirilir

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb.

2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik”.

Bir sözlə, artıq işğaldan azad olunmuş ərazilərdə inzibati idarəetmə orqanlarının bərpası və nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində zəruri işlər görülür. Bütün bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə məskunlaşma, bərpa və inkişaf fəaliyyətlərinin tam sürətlə icra olunmasına imkan verəcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumətə tapşırıqlar verilmişdir: “Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir? Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”.

Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışdır. Biz bunun xüsusilə Ağdam nümunəsində şahidi olduq. Müharibədən sonra Ağdama səfər edən xarici media nümayəndələri hətta Ağdamı Cənubi Qafqazın Xirosiması adlandırdı. BMT-nin hesablamalarına görə işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir (bundan sonra dollar). İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman dəymiş zərərin daha böyük olduğu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. Dağıntıların hərtərəfli və miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpası prosesini mürəkkəb və zaman alan prosesə çevirir. Ona görə də bərpa prosesinin müxtəlif iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirilməsinə ehtiyac yaranır. Bunları nəzərə alaraq İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. Bərpa prosesinin həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulur. Bərpa prosesi bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələdə büdcədən ayrılan vəsaitlər əsas iki məqsəd üçün, infrastrukturun formalaşdırılmasına və kommunal xidmətlərin əlçatanlığının təmin edilməsinə yönəldilir. Növbəti mərhələdə isə özəl və xarici investisiyanın cəlb edilməsinə daha çox yer ayrılacaqdır. Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan vermiş, yeni iş yerlərinin yaranmasına şərait yaratmışdır. Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və buna görə də həmin ərazilər sıfırdan bərpa edildiyindən orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Ona görə də Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilir.

Nahidə Cavadzadə
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button