AnalitikaGündəmSiyasət

İşğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi əsas və strateji əhəmiyyət daşıyan fikirlərdən biri işğaldan azad edilmiş ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı olmuşdur. Dövlət başçısı bildirilmişdir ki, bir çox xarici dövlət və hökumət başçıları Azərbaycana səfər etmiş, ölkəmizdə mühüm beynəlxalq tədbirlər təşkil olunmuşdur. Bu tədbirlər sırasında Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşü xüsusilə qeyd olunmuşdur. Əsas tədbir Xankəndidə baş tutsa da, işğaldan azad edilmiş digər şəhərlərdə – Şuşada, Laçında və Ağdamda – Azərbaycanın təşəbbüsü ilə Biznes Forumu, Gənclər Forumu və Qadınlar Forumu keçirilmişdir.
Bu ərazilər artıq yalnız bərpa və yenidənqurma məkanı kimi deyil, eyni zamanda beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin keçirildiyi mühüm mərkəzlərə çevrilmişdir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir.

2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan dövləti işğaldan azad edilmiş rayonlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlamışdır. Uzun illər ərzində tamamilə dağıdılmış, sosial və iqtisadi infrastrukturu məhv edilmiş bu ərazilər qısa müddət ərzində müasir şəhərsalma və regional inkişaf prinsipləri əsasında yenidən qurulmuşdur. Yeni avtomobil yolları və dəmir yolu xətləri çəkilmiş, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmiş, enerji, su və kommunikasiya sistemləri yenilənmişdir.aradılan bu infrastruktur həm əhalinin təhlükəsiz qayıdışını təmin edir, həm də beynəlxalq səviyyəli tədbirlərin yüksək təşkilati səviyyədə keçirilməsinə imkan yaradır.
İşğaldan azad edilmiş rayonların beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində Şuşa şəhərinin xüsusi yeri vardır. Şuşa Azərbaycan xalqının mədəni, tarixi və mənəvi yaddaşında müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, bu gün regionda sülh və əməkdaşlıq ideyalarının təbliğ olunduğu beynəlxalq platforma kimi çıxış edir. Şuşada keçirilən beynəlxalq forumlar, elmi konfranslar, musiqi festivalları və mədəni tədbirlər şəhərin beynəlxalq nüfuzunun artmasına və Azərbaycanın mədəni irsinin dünyaya tanıdılmasına mühüm töhfə verir.

Beynəlxalq tədbirlərin məhz işğaldan azad edilmiş ərazilərdə keçirilməsi mühüm siyasi məna daşıyır. Bu tədbirlər vasitəsilə Azərbaycan beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq münaqişə və qarşıdurma məkanı deyil, sabitlik, təhlükəsizlik və inkişaf zonasıdır. Beynəlxalq qonaqların bu ərazilərə səfərləri real vəziyyətin obyektiv qiymətləndirilməsinə imkan yaradır və uzun illər formalaşdırılmış qərəzli təsəvvürləri aradan qaldırır.

Beynəlxalq tədbirlərin keçirilməsi iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Xarici investorların, beynəlxalq təşkilat nümayəndələrinin və rəsmi qonaqların regiona səfərləri işğaldan azad edilmiş rayonların iqtisadi potensialının tanıdılmasına, investisiya mühitinin formalaşmasına və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır. Məqsəd bu əraziləri təkcə bərpa olunmuş məkan kimi deyil, eyni zamanda ölkə iqtisadiyyatının yeni inkişaf mərkəzlərindən birinə çevirməkdir.

Humanitar və mədəni aspekt də bu prosesdə xüsusi yer tutur. İşğaldan azad edilmiş rayonlarda keçirilən beynəlxalq humanitar forumlar, mədəniyyət günləri və elmi tədbirlər Azərbaycanın multikulturalizm, tolerantlıq və sülh siyasətinin bariz nümunəsidir. Bu tədbirlər vasitəsilə Azərbaycan öz mədəni müxtəlifliyini, tarixi həqiqətlərini və sivil dəyərlərini beynəlxalq ictimaiyyətə təqdim edir, xalqlar arasında dialoqun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.

Beynəlxalq tədbirlərin işğaldan azad edilmiş rayonlarda keçirilməsi mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyət daşıyır. Bu tədbirlər Azərbaycan xalqının milli qürur hissinin möhkəmləndirilməsi, tarixi ədalətin bərpasının real nəticələrinin nümayiş etdirilməsi baxımından xüsusi önəm kəsb edir. Əldə edilmiş Zəfər yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda milli ruhun və dövlətçilik şüurunun yüksəlişidir.

Prezident İlham Əliyevin 05 yanvar 2026-cı il tarixli müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, işğaldan azad edilmiş rayonlar Azərbaycanın yeni inkişaf mərhələsinin əsas dayaqlarından birinə çevrilmişdir. Bu ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi formalaşması ölkəmizin güclü dövlət, etibarlı tərəfdaş və regionda sülhün əsas təminatçısı olduğunu təsdiqləyir.

Kərimova Nurəngiz Əli qızı,
Bakı Slavyan Universiteti , Regionşünaslıq kafedrasının müəllimi

Oxşar Xəbərlər

Back to top button