İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir
Müstəqilliyinin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə iki əsrlik münaqişəyə, otuzillik işğala son qoydu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.
Bu baxımdan Azərbaycan Respublikasının dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiya proseslərində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin uzlaşdırılması və təhlil olunması olduqca vacibdir. Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb etməkdədir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin və iqtisadiyyatının inkişaf səviyyəsini göstərən mühüm amil olub. XXI əsrin iqtisadiyyatı hər bir ölkənin dünya bazarının rəqabətə dözümlü, ixtisaslaşdırılmış məhsul istehsalını tələb edirsə, nəqliyyat sahəsində isə yüksək yük tutumuna və intensiv hərəkətə malik nəqliyyat vasitələrinin olmasını tələb edir. Bu baxımdan dünya ölkələrində nəqliyyatın bütün sahələri üzrə gedən rəqabətin əsasını qısa vaxt ərzində uzaq məsafələr qət etməklə ağır tonnajlı yüklərin daşınmasının həyata keçirilməsi təşkil edir.
Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.
Avrasiya ölkələri arasında mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu”nun bərpası TASİS (Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) və TRASEKA (Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi) proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əhəmiyyətə malikdir. Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarixi “İpək yolu”na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyev qeyd edib: “Əminəm ki, tarixi böyük “İpək yolu”nun bərpası məsələlərinin müzakirəsi, konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın, inkişafın, Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir”. Bu baxımdan Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq inteqrasiyada mühüm rol oynadığını nəzərə alıb dəmir yolu, dəniz nəqliyyatı, avtomobil, boru kəməri, hava və çay nəqliyyatının sahələr üzrə iqtisadi səmərəliliyi müəyyən olunmaqla, müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və yükdaşıma imkanları araşdırılır, respublikanın iqtisadi rayonları üzrə nəqliyyat sistemi təhlil edilir, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri müəyyənləşdirilir, daxili və xarici yükdaşımada nəqliyyatın səmərəliliyi və potensial imkanları qiymətləndirilir. Respublikamız müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoyması, nəqliyyatda sektor islahatlarının tamamlanması vahid nəqliyyat siyasətinin formalaşması üçün əlverişli stimul yaradıb.
2020-ci il noyabrın 10-da Azərbaycan – Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə hər birimizin əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapdı. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi təmin ediləcək. Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan – Naxçıvan dəhlizi adlanacaq. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz möhtərəm Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq. Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik olacaq bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, Bakı-Tiflis-Qars dəmir yoluna alternativ ola və hətta onun əhəmiyyətini azalda bilər. Bu baxımdan Mehri dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcəkdir. Bu gün Mehri üzərindən dəhlizin açılması o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Bu isə nəqliyyatın ən sərfəli yolu olan avtomobil və dəmir yolu ilə yüklərin daşınmasına, bölgədəki dövlətlərdə məşğulluğun artmasına, ümumilikdə bölgə iqtisadiyyatının aktiv inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərə də asfalt yol çəkilir. Təkcə 2021-ci ildə 700 kilometrə yaxın yol inşa edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq ounur. Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturları yaradır.
Azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talışın azad olunduğu günün birinci ildönümündə – 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə çəkilən avtomobil yollarının açılış mərasimi oldu. Çox mühüm əhəmiyyət daşıyan yollardan biri, əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yoludur. Bu, qalib Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə salınan yoldur. Yolun tikinti işləri cəmi 10 ay ərzində həyata keçirilib. Bu səbəbdən deyə bilərik ki, nəinki regionda, hətta yol tikintisi tarixində belə genişmiqyaslı, qısa müddət ərzində respublika əhəmiyyətli yolun inşası aparılmayıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli rayonuna səfərləri zamanı yolun təməli qoyulmuşdu. Noyabrın 17-də dövlət başçısının imzaladığı sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan bu avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrıldı. 2021-ci il noyabr ayının 7-də isə dövlət başçısı yolun açılışını etdi. Ancaq onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tikintisi ilə mütəmadi olaraq maraqlandığı Zəfər yolu 2021-ci ilin sentyabr ayından istifadəyə verilmişdir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Ali Baş Komandan İlham Əliyevin quruculuq əzmini simvolizə edir, dünya bir daha Azərbaycanın gücünə, qüdrətinə heyran qalır. Bütün bu proseslər bir daha beynəlxalq ictimaiyyətə göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət regionda sülhün, təhlükəsizliyin qarantı, qətiyyətinin bariz təcəssümüdür.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi