İşğaldam azad edilmiş ərazilərin bərpası qarşımızda duran əsas vəzifələrdəndir
Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın bütün rayon və bölgələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri bu ərazilərdə aparılan yenidənqurma işlərinin dövlətin tam nəzarətində saxlandığını göstərir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin müharibənin getdiyi günlərdə ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Azərbaycanın öz ərazisində belə cəhdlərin qarşısını alması suveren hüququdur.
Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb. Dözülməz faktdır ki, ermənilər törətdikləri vəhşilikləri ən yüksək səviyyədə bəyan edir, bunu qürürla dillərinə gətirir. Onlar yaşlıları, qadınları, uşaqları necə qəddarlıqla öldürdüklərindən fəxarətlə bəhs edirlər. 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün qanunlara hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bircə bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.
Ermənistan silahlı qüvvələrinin istər atəşkəs, istər müharibə, istərsə də postmüharibə dövründə mülki əhaliyə qarşı hücumları bütün insani, bəşəri hisslərə, ənənələrə, beynəlxalq qanunlara zidd və qəbuledilməzdir. Təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar buna göz yumurlar. Amma gec-tez Ermənistan bu cinayət əməllərinə görə cavab verəcəkdir.
Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirə biləcək.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı