
Rəsmi İrəvan uzun illər boyu beynəlxalq hüququn prinsiplərini pozaraq, işğalçılıq siyasətini davam etdirdi. Qarabağ torpaqlarının qeyri-qanuni zəbt olunması, oradakı tarixi-mədəni irsin saxtalaşdırılması və bölgənin demoqrafik tərkibinin zorla dəyişdirilməsi sülhə aparan yolları bağladı. Bu siyasət əslində, regionda gərginliyin əsas səbəbinə çevrildi.
Ermənistanın müxtəlif beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaması, saxta təbliğatla özünü “zərərçəkmiş tərəf” kimi göstərməyə çalışması münaqişənin daha da dərinləşməsinə səbəb oldu. Hər dəfə masada sülh imkanları yaradılsa da, İrəvanın qeyri-konstruktiv mövqeyi bu imkanları puça çıxardı.
Saxtakarlıq və işğalçılıq siyasəti nəticəsində bölgədə davamlı sülh əldə etmək mümkünsüz oldu. Azərbaycan isə illər boyu diplomatik vasitələrlə problemin həllinə çalışsa da, nəticəsizlik müharibəni qaçılmaz etdi. Ermənistanın məsuliyyətsizliyi və ədalətsiz mövqeyi regionu alova sürüklədi.
Nəticə etibarilə, haqq-ədalət güc yolu ilə bərpa olundu. Azərbaycan Ordusunun uğurlu əməliyyatları işğal altındakı torpaqları azad etdi və regionda yeni reallıq yaratdı. Bu hadisələr göstərdi ki, saxtakarlığa və zorla ələ keçirilmiş ərazilərə əsaslanan siyasət uzunmüddətli ola bilməz.
YAP Xəzər rayon təşkilatının fəalı
Nigar Cəlalova