Analitika

İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3% iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02% səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub.

Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.

Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı).  Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib.

Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.

Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.

Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur.

Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olmuş, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötmüşdür. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olmuşdur. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatmışdır.

Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatmışdır.

Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini stabil şəkildə təmin etməyə imkan verir.

Günel Əliyeva,
Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button